10-13 may 2015-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki Şəhid Behişti Universitetində böyük İran şairi və filosofu Nasir Xosrovun 1000 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransda dünyanın müxtəlif ölkələrini təmsil edən 150 nümayəndə iştirak edib.
Ölkəmizi bu mötəbər tədbirdə Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil edib. Tədbirdə Ə.Quliyev “Nasir Xosrov Ələvinin Məkkə ziyarətindən bəhs edən “Səfərnamə” əsəri və Xaqani Şirvaninin Məkkə ziyarəti mövzusunda yazdığı əsərlərin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Nasir Xosrov Azərbaycanda da maraqla oxunur. Onun “Səfərnamə” əsəri Tahir Məhərrəmli tərəfindən keçən əsrin 90-cı illərində dilimizə tərcümə edilərək Bakıda nəşr olunmuşdur.
Ə.Quliyev, həmçinin beynəlxalq konfransın plenar iclasına sədrlik edib.
İclasda İran şairinin yaradıcılığının müxtəlif cəhətlərini işıqlandıran müxtəlif mövzularda məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir