Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.04.2022 10:50
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası  keçirilib.

İclasın gündəliyinə AMEA-nın Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərarı, institutun 2023-2025-ci illər üzrə elmi proqramları, B.İsmayılova, A.Əfəndi və D.Tağıyevin həmmüəllifi olduğu “Alifatik dikarbon turşuları və mürəkkəb ebirləri” adlı kitabın və S.Məmmədovanın “Nüvə yanacağı materialları olan aktinoidlər sırasından bəzi d-elementlərin naften turşuları ilə maye fazalı ekstraksiyası” monoqrafiyalarının çapa təqdimatı, eləcə də müəssisənin strukturunda qismən dəyişiklik, müsabiqə və s. məsələlər daxil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev  açaraq AMEA-nın Rəyasət Heyətinin “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərarı barədə danışıb. Bildirib ki, AMEA-da köklü islahatların həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə, milli və dövlətçilik mənafelərinə uyğunluğu təmin olunmalıdır. Onun sözlərinə görə, kadr təminatı və idarəetmə sistemində islahatların aparılması vacibdir. Bunları nəzərə alaraq laboratoriya və şöbələrin iş planlarına yenidən baxılmalı və institutun 2023-2025-ci illər üzrə elmi proqramları müasir dövrün tələblərinə uyğun hazırlanmalıdır. Akademik laboratoriya və şöbələrin elmi istiqamətlərinə yenidən baxılması və yeni istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə institutda komissiyanın yaradılmasını təklif edib.

Qeyd olunan məsələ ilə bağlı Elmi şura tərəfindən AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə komissiya yaradılıb.

İclasda, həmçinin Təhsil şöbəsinin müdiri Sevinc Məmmədova müəssisədə təhsil alan magistrantlar haqqında məlumat verib. Bildirib ki, institutun II kurs magistraturasında dörd ixtisaslaşma üzrə 7 tələbə təhsil alır. Magistrantlar IV semestrdə 16 fevral 2022-ci il tarixindən 18 aprelədək ixtisaslar üzrə hər biri 4 həftə olmaqla elmi-tədqiqat və elmi-pedaqoji təcrübə keçib və yüksək balla qiymətləndiriliblər. Təcrübə prosesi “Qeyri-üzvi kimya” ixtisası üzrə k.ü.f.d., dosent Samirə İmaməliyeva, “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə k.ü.f.d., dosent Lətifə Həsənova, “Fiziki-kimya” ixtisası üzrə  k.ü.f.d., dosent Rühəngiz Hüseynova, “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə k.ü.f.d., dosent Sevda Fətullayeva və elmi-pedaqoji  təcrübə  k.e.d., professor Asif  Məmmədovun  rəhbərliyi ilə aparılıb.

Daha sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: