Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransa Universitetinin (UFAZ) 8 magistrantı AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi təcrübə proqramına başlayıblar.
Təcrübənin ilk günü AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev magistrantları qəbul edib. Görüşdə akademik bildirib ki, aprelin 21-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (UNISTRA) arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə görə, tərəflər bir sıra elm sahələri, o cümlədən kimya və kimya mühəndisliyi, materialşünaslıq və s. sahələrdə təhsilə, elmi-texniki inkişafa, tədqiqat işlərinə dəstək vermək, birgə konfranslar və seminarlar təşkil etmək, gənc tədqiqatçıların-bakalavrların, magistrantların, doktorantların birgə elmi layihələrdə iştirakını dəstəkləmək, eyni zamanda AMEA, ADNSU və UFAZ-ın elmi kadrlarının və tələbələrinin qarşılıqlı təcrübə keçməsi üçün birgə proqramların hazırlanması, cihaz və avadanlıqlardan birgə tədqiqatların aparılması üçün istifadə etmələrinə şərait yaratmaq və s. barədə razılığa gəliblər. Akademik qeyd edib ki, sözügedən sənəd birgə elmi işlərin aparılmasında, təcrübə mübadiləsinin həyata keçirilməsində, elm-tədqiqatların aparılmasında mühüm rol oynayacaq. D.Tağıyev bildirib ki, tələbələrə təcrübədə olduqları müddətdə təhkim olunduqları laboratoriyalarda tədqiqat işlərini aparmaq üçün hər cür şərait yaradılacaq və o, magistrantlara bu şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Qeyd edək ki, təcrübə proqramı müəssisənin Monooksigenaz reaksiyalarının modelləşdirilməsi, Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi, Katalizatorların hazırlanması, Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları, Nano elektrokimya və elektrokataliz, Ekoloji kataliz, eləcə də Seolit katalizi laboratoriyalarında çalışan ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək.
Proqramda UFAZ-ın “Fiziki kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə magistratura pilləsində təhsil alan 8 magistrant iştirak edəcək. Magistrantlar 5 həftə ərzində təhkim olunduqları şöbələrdə əvvəlcədən təsdiq olunmuş mövzular üzrə elmi-tədqiqat işləri aparacaq və sonda apardıqları işlərin yekunu olaraq referat hazırlayıb universitetə təqdim edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.