Qazaxıstan Respublikasının R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan, baş elmi işçi, iqtisadiyyat elmləri doktoru Dina Aytjanova və kiçik elmi işçi Bayan Yerqarina AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) qonağı olublar.
Görüşdə Qazaxıstanlı qonaqlar Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyliyə təmsil etdikləri elmi müəssisənin rəhbərliyi adından əməkdaşlıq barədə müraciəti çatdırıblar.
Professor Məryəm Seyidbəyli işgüzar təklifə görə R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və nümayəndə heyətinə təşəkkürünü bildirib. Elm Tarixi İnstitutunun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə uğurlu təcrübəyə malik olduğunu bildirən M.Seyidbəyli elmi müəssisələr arasında arzuolunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin dinamikasına və gələcək inkişafına xüsusi töhfələr verə biləcəyini vurğulayıb. İnstitut rəhbəri ETİ-nin fəaliyyət istiqamətləri və elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Sonra Qazaxıstan Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Duysen Qalımjan təmsil etdiyi institut haqqında danışıb. Qeyd olunub ki, 50 işçinin, o cümlədən 12 elmlər doktoru və 25 fəlsəfə doktorunun çalışdığı elmi müəssisədə 300-dən çox monoqrafiya nəşr olunub.
Qazaxıstan Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Dina Aytjanova isə imzalanacaq memorandumun əhəmiyyətini vurğulayaraq sözügedən əməkdaşlığın hər iki ölkə elminə töhfə verəcəyini bildirib.
Görüşün yekununda Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.