Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.05.2022 09:52
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun əməkdaşları Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunan konfransda iştirak ediblər

İqtisadiyyat İnstitutunun əməkdaşları Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunan konfransda iştirak ediblər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi” və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfrans keçirilib.

Konfransda açılış nitqləri ilə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış ediblər.

Sonra iki hissədən ibarət panel müzakirələri keçirilib.

AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanovun moderatorluğu ilə keçirilən iclasda iki ölkə arasında enerji, nəqliyyat və iqtisadi münasibətlər müzakirə olunub.

Ankara Sosial Elmlər Universitetinin müəllimi Murad Yeşiltaş, BMTM-in enerji üzrə eksperti Şahmar Hacıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Əhməd Ərdal çıxış ediblər.

İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Fuad Qənbərov “Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əməkdaşlıqdan strateji müttəfiqliyə” adlı təqdimatla çıxış edib. Bildirib ki, 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 4,6 milyard dollar təşkil edib və artım meyilləri müşahidə olunub. Hədəf 2023-cü ildə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Azərbaycan Türkiyəyə 19,5 milyard dollar, qardaş dövlət isə ölkəmizə 12 milyard dollar investisiya yatırıb. Azərbaycanda 3381 türk şirkəti, Türkiyədə 2563 Azərbaycan şirkəti fəaliyyət göstərir. İki ölkə arasında genişlənməkdə olan iqtisadi əlaqələrin, xüsusən də enerji və nəqliyyat sektorunun hər iki tərəf üçün faydalı olacaq böyük perspektivlərə malik olduğu vurğulanıb.

BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə isə Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının sədri Məsud Özcan, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı, İran Araşdırmaları Mərkəzinin (İRAM) direktoru Haqqı Uyqur və Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak ediblər.

İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Mahir Zeynalovun da iştirak etdiyi panel iclasları iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: