Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2022 15:25
  • A-
  • A
  • A+

“Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi sessiya keçirilib

“Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbir Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında Sərəncamına əsasən təşkil edilib.

İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, XIX əsr Azərbaycan ədəbi dili tarixində Xurşidbanu Natəvan özünəməxsus üslub orjinallığı ilə diqqəti cəlb edən istedadlı bir şairədir. Xurşidbanu Natəvanın atası Mehdiquluxan Qarabağ xanı İbrahim Xəlil Cavanşir nəslindən, anası Bədrcahan xanım Gəncə xanı və hakimi Cavad xanın nəvəsi Uğurlu bəyin qızı olub.

Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycan ədəbi dilinin zəngin klassik qəzəl janrı ənənələrini uğurla davam etdirən ən istedadlı qadın şairəmizdir.

Professor bildirib ki, Natəvanın əsərləri bədiilik və ahəngdarlığı, dil-üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əruz vəznində yazdığı şeirlərdə hiss və duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir vasitələrindən məharətlə istifadə əsərlərinin ahəngdar, oxunaqlı olmasını təmin edib, sənətkara oxucu məhəbbəti qazandırıb. Xurşidbanu Natəvanın şeirləri dövrünün tələbinə uyğun olaraq ərəb-fars izafətləri ilə və xalq ifadələri ilə zəngindir. Şairin bədii irsində M.Füzulinin əsərlərinin, poetik ifadə tərzinin təsirini duymaq olur. Seçdiyi poetik-bədii təşbehlər, müqayisələr, təzadlar, şeirlərinin qəzəl janrında olması onun Füzuli qəzəllərindən təsirləndiyini bir daha sübut edir.

Tədbirdə professor Sevil Mehdiyeva ”XIX əsr Azərbaycan ədəbi dilinin Xurşidbanu Natəvan zirvəsi”, filologiya elmləri doktoru Nərgiz Hacıyevanın “Xurşidbanu Natəvanın şeirlərinin dil və üslub xüsusiyyətləri”, dosent Qüdsiyyə Qəmbərovanın “Xurşidbanu Natəvanın şeirlərində Qarabağ dialekti” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, istedadlı şairin övlad (oğul) nisgilli qəzəllərində ana naləsi, ana fəryadı hakimdir. Bu fəryadın ifadə vasitələri onun müəllifi Xurşidbanu Natəvanı qırılmaz tellərlə Qarabağ mahalına bağlayır. Natəvanın oğlu dağlı fəryadı bu gün Qarabağın – Azərbaycanın şəhid analarının fəryadı ilə səsləşir: onun oğul fəryadlı qəzəllərində milli ruhlu ağılar, oxşamalar Natəvanın hüznlü bir qəm, kədər dolu söz və ifadələr şairin məxsusi orijinal bir ifadə tərzini – üslubunu formalaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: