Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.05.2022 16:40
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Mayın 19-da AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, iclasda “Zəngəzur bölgəsi tarixdə və tarixşünaslıqda” mövzusunda məruzənin dinləniləcəyini bildirib və sözügedən məsələnin ölkəmiz, milli mənafeyimiz üçün hər zaman aktual olduğunu söyləyib.

Daha sonra Azərbaycanın tarixi və əzəli torpağı olan Zəngəzura dair AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur bölgəsi tarixdə və tarixşünaslıqda” mövzusunda geniş məruzəsi dinlənilib.

Akademik Nailə Vəlixanlı çıxışında ermənilərin əzəli torpağımız olan Zəngəzuru əsassız şəkildə öz adlarına çıxmaları baxımından Azərbaycanın qədim və orta əsrlər dövrünü daha dərindən öyrənməyin vacibliyini bildirib.

Alim yazılı mənbələrdə Zəngəzur adı ilə XIV əsrdən məlum olan bu ərazinin erkən orta əsrlərdə əsasən Qafqaz Albaniyasının sağ sahil hissəsindəki vilayətləri – Sünik-Sisakanı bütövlükdə, Utik, Arsax və Paytakaranı isə qismən əhatə etdiyini, Zəngəzur bölgəsinin VII-XII əsrlər dövrü tarixinə dair tədqiqatlarda bu bölgənin bütövlükdə Azərbaycanın, o cümlədən Qafqaz albanlarının tarixində xüsusi önəm daşıdığını vurğulayıb. Tarixçi alim, həmçinin Azərbaycan tarixçilərinin ötən əsrin 60-cı illərinədək erməni tarixçilərinin Zəngəzur, Naxçıvan, Qarabağ, hətta Gəncə, Şəki və digər yerlərə olan və xüsusilə məhz 60-cı illərdən daha da artan iddialarına demək olar, laqeydliklə yanaşdıqlarını, bu yerlərin daha çox qədim və orta əsrlər tarixinə dair tədqiqatlarda “Böyük Ermənistan” adlandırılan əraziyə aid erməni torpaqları kimi təqdim olunmasını susqunluqla qarşıladıqlarını böyük təəssüflə qeyd edib: “Yalnız görkəmli tarixçi Ziya Bünyadovun 1965-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan VII-IX əsrlərdə” əsərində elmdə ilk dəfə olaraq Süniki Albaniya vilayəti kimi təqdim etməsi ilə bu susqunluq “buzu”, nəhayət ki, sınır”.

Akademik Nailə Vəlixanlı bu istiqamətdə işlərin səmərəliliyini artırmaq məqsədilə qədim dilləri öyrənən mütəxəssislərin yetişdirilməsinin vacibliyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Daha sonra akademik Gövhər Baxşəliyeva AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” qərarın icra vəziyyəti haqqında İEB-nin elmi tədqiqat müəssisələrin­də həyata keçirilən işlərdən söz açıb və bununla bağlı öz tapşırıq və tövsiyələrini bildirib.

İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Bölmənin müəssisələrində çalışan əməkdaşların məqalələrinin “Vikipediya”da yerləşdiril­məsi istiqamətində işlərin aparılması haqqında məsələ geniş müzakirə edilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev bu istiqamətdə öz təcrübəsindən çıxış edərək “Vikipediya”nın tələblərinə cavab verən məqalələrin yazılmasını vacib hesab etdiyini vurğulayıb. O, tezliklə kitabxanada 1 həftəlik “Vikipediya” təlimlərinin keçiriləcəyini söyləyib və bölmənin müəssisələrinin əməkdaşlarını təlimlərdə iştiraka dəvət edib.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ “Sosial elmlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilməsi haqqında olub. Akademik Gövhər Baxşəliyeva jurnalın fəaliyyətini daha da təkmilləşdirmək, beynəlxalq reytinqini gücləndirmək istiqamətində həyata keçirilən bütün tədbirlərin aktual olduğunu vurğulayıb.

İclasda, həmçinin AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq və İqtisadiyyat institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilib, eləcə də İqtisadiyyat və Qafqazşünaslıq institutlarının strukturlarında daxili imkanlar hesabına mövcud ştat vahidi əsasında bir sıra dəyişikliklər edilməsi, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar hesabına Eksperimental arxeoloji laboratoriya yaradılması məsələsi müzakirə olunub.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 100 və AMEA-nın müxbir üzvü Akif Musayevin 75 illik yubileyinin qeyd olunması ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Eyni zamanda AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdirləri, professorlar - Tofiq Hüseynov 85, Tərbiz Əliyev 75 və Ağarza  Rüstəmov 70 illik yubileyləri və iqtisad elminin inkişafındakı xidmətlərinə görə,  İctimai  Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar elmi-tədqiqat müəssisələrinin rəhbərlərinə  tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: