Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbiri giriş sözü ilə açaraq, gündəlikdəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
İlk olaraq iclasda “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Çiçək Fətullah Abdulbaki oğluna dosent elmi adının verilməsi müzakirə olunub.
Daha sonra institutun “Radiokimya və radioprotektorlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru Xaqani Məmmədovun təqdim etdiyi “Ksenobiotiklərdə və toksinlərlə çirklənmiş ətraf mühit komponentlərində radiasiya kimyəvi proseslər” adlı monoqrafiyanın və Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyevanın təqdim etdiyi “Bitkilərin energetik sisteminin fəaliyyətinə radiasiyanın təsiri” adlı monoqrafiyanın çapa təqdim olunması məsələsi müzakirə edilib.
Sonda akademik Adil Qəribovun 75, professor Elimxan Cəfərovun isə 70 illik yubileyləri qeyd olunub. İnstitutun baş direktoru İ.Mustafayev onların elmə verdikləri böyük töhfələr haqqında fikirlər səsləndirib. O, həmçinin A.Qəribov və E.Cəfərovun rəhbərliyi altında bir çox mühüm elmi layihələrin həyata keçirildiyini, hər iki alimin öz sahələrində əvəzsiz töhfələr verdiyini vurğulayıb və yubilyarları təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.