Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2025 14:18
  • A-
  • A
  • A+

Kürdəmirdə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Kürdəmirdə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı tərəfindən dünya şöhrətli detektiv yazar, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” və “Şərəf” ordenli Xalq yazıçısı Çingiz Abdullayevin kürdəmirli oxucularla növbəti görüşü keçirilib.

Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin akt zalında təşkil olunan görüşdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov görkəmli yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb, Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu bildirib. O, yazıçının qəhrəmanlarının tipik xüsusiyyətləri və dünya siyasi dedektiv janr ədəbiyyatında Çingiz Abdullayevin yeri və rolu haqqında fikirlərini bölüşüb, görkəmli yazıçını siyasi detektiv janrının müasir dövr üçün ustadı adlandırıb.

Akademik Rafael Hüseynov  qeyd edib ki, Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunur. O, həmçinin Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyindəki fəaliyyətindən, işinə olan məsuliyyətindən də danışıb.

Daha sonra yazıçının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət  videoçarx nümayiş etdirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək Prezident İlham Əliyevin elm və mədəniyyət xadimlərinə, Azərbaycan ədiblərinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd edib ki, Çingiz Abdullayevin Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunması, “Xalq yazıçısı” fəxri adına layiq görülməsi yazıçı əməyinə verilən dəyərin bariz nümunəsidir.

İcra başçısı bu cür görüşlərin  həm rayon ictimaiyyəti, həm də kitabsevərlər üçün böyük bayram olduğunu deyərək, Xalq yazıçısı Çingiz Abdullayevə yeni yaradıcılıq uğurları arzulayıb.

Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Tərsinə çevrilən dünya” filmlərindən epizodlar nümayiş etdirilib.

Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyin 6-ci sinif şagirdi Mehri Ağazadə Xalq şairi Qabilin Çingiz Abdullayeva həsr etdiyi “Zəhmətkeş” adlı şeirini səsləndirib.

Sonra Xalq yazıçısı Çingiz Abdullayev həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən, sujet xəttindən və filmlərindən danışıb. Yazıçı gənclərə vətənpərvərlik ruhunda tərbiyə olunmağı, intellektual səviyyələrini daim yüksəltməyi, dünya görüşlərini məhz mütaliə ilə genişləndirməyi tövsiyə edib.

O, daimi oxucularının, gənclərin, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşəbbüsünə dəyər verərək növbəti dəfə kürdəmirli pərəstişkarları ilə  görüşə gəldiyi üçün Çingiz Abdullayevə oxucular adından minnətdarlığını bildirib.

Sonda görkəmli yazıçı yeni nəşrdən çıxmış kitablarını muzeyə hədiyyə edib.

Oxucular Çingiz Abdullayevi əhatəyə alaraq kitabları imza etdirib, yazıçı ilə xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: