Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2022 10:25
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 illik yubileyi qeyd olunub

AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 illik yubileyi qeyd olunub

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu görkəmli memar, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirib.

Tədbiri giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə yubilyarın zəngin və çoxsahəli fəaliyyətindən danışıb, memarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərdən bəhs edib.

O, Cəfər Qiyasinin memarlıq fəaliyyətində hər zaman aktual və dəyərli mövzulara müraciət etdiyini, Təbriz memarlıq məktəbi, Nizami dövrü memarlıq abidələri, Qarabağ abidələri kimi mövzuların alimin elmi yaradıcılığının əsas xəttini təşkil etdiyini bildirib. Qeyd edib ki, professor Cəfər Qiyasinin elmi axtarışları, onun zəkasının, elmi təfəkkürünün məhsulu olan əsərlər digər tədqiqatçılar üçün yol açıb, yeni yaradıcılıq istiqamətlərinin yaranmasına səbəb olub.

Ərtegin Salamzadə əlavə edib ki, Cəfər Qiyasinin müstəqillik dövrü araşdırmaları milli identiklik axtarışlarını, eləcə də Azərbaycana qarşı hərbi və mədəni təzyiqləri özündə əks etdirir. O, alimin layihəsi əsasında Türkiyənin İğdır vilayətində “İğdır soykırım anıtı” əsərinin ərsəyə gəldiyini diqqətə çatdırıb.

Baş direktor alimin təşkilati fəaliyyətindən də söz açaraq, Cəfər Qiyasinin Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini, uzun illər Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini icra etdiyini diqqətə çatdırıb.

O, çıxışının sonunda Cəfər Qiyasini 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, yeni nailiyyətlər arzu edib.

İnstitutun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, professor Rayihə Əmənzadə “Nizami dövrü abidələri Cəfər Qiyasinin yaradıcılığında” mövzusunda məruzə ilə çıxış edib. O, yubilyarın Azərbaycanın memarlıq tarixindəki dəyərli rolundan danışıb, onun memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi olduğunu qeyd edib.

Məruzəçi Cəfər Qiyasinin Nizami Gəncəvi dövrü tarixi Azərbaycan ərazisindəki memarlıq abidələrindən bəhs edən “Nizami dövrü memarlıq abidələri” kitabından da danışıb. Qeyd edib ki, burada məqalələr “Məscidlər”, “Türbələr”, “Körpülər” və “Qalalar” başlıqları altında təsnif olunub. Həmçinin dövrün müxtəlif memarlıq bəzəkləri haqqında məlumat verilib, Nizami Gəncəvinin öz əsərlərində bəhs etdiyi memarlar barədə bəzi qeydlər yer alıb.

“Əsərdə professor Cəfər Qiyasi tərəfindən qarşıya qoyulan məsələlərdən biri - orta əsrlər Azərbaycanında tikililərin tipologiyası idi. Cəfər müəllim öz əsərində hökmdarların orta əsrlərdə ən çox önəm verdikləri müdafiə qurğuları məsələsinə xüsusi yer ayırır. Alimin monoqrafik tədqiqatlarında müdafiə qurğularının tipləri nəzərdən keçirilib. Bundan başqa, Nizami dövrü Azərbaycan xatirə tikililəri arasında Səlcuq xatirə tikililəri də təhlil olunub”, - deyə professor Rayihə Əmənzadə bildirib.    

Daha sonra institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva “Memar Cəfər Qiyasinin elmi yaradıcılığı” və Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov “Qarabağ memarlığı Cəfər Qiyasinin yaradıcılığında” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər Azərbaycan memarlıq sənətinin görkəmli nümayəndələrindən olan Cəfər Qiyasini yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını bildiriblər. Qeyd olunub ki, memarın yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək.

Sonda AMEA-nın müxbir üzvü Cəfər Qiyasi çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: