Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.06.2022 16:28
  • A-
  • A
  • A+

“Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans keçirilib

Şamaxı şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mirzə Ələkbər Sabirin Ev Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyalın “Mirzə Ələkbər Sabir – 160” kitabının təqdimat mərasimi də baş tutub.

Tədbir konfrans iştirakçılarının şairin məzarını ziyarət etməsi ilə başlanıb. Daha sonra qonaqlar M.Ə.Sabirin Ev Muzeyinin yeni qurulmuş ekspozisiyası ilə tanış olub, şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat alıblar.

Konfrans öz işini Şamaxı Mədəniyyət Mərkəzində davam etdirib. Plenar iclasda səkkiz məruzə dinlənilib. Əlyazmalar İnstitutunun əməkdaşları - elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Sabirin müasir ədəbiyyatşünaslıqda tədqiqi”, baş elmi işçilər, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova “Güləndə də ağlayan şairimiz” və tarix elmləri doktoru Tahirə Həsənzadə “Sabir bu gün də yaşayır” mövzularında məruzə edib, dahi sənətkarın Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan danışıblar.

Plenar iclasdan sonra Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri, şair və əlyazmaşünas Sona Xəyalın “Mirzə Ələkbər Sabir -160” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə, həmçinin Mirzə Ələkbər Sabirin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahsəddin Mikayılov, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminaliyev, sabirşünas alim, filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı və başqaları çıxış ediblər.

Sonda Əlyazmalar İnstitutunun yeni nəşrləri Mirzə Ələkbər Sabirin Ev Muzeyinin kitabxanasına hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: