Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.06.2022 16:50
  • A-
  • A
  • A+

Cənubi Xəzər hövzəsinin karbohidrogen yataqlarına həsr olunan ümumrespublika elmi seminarı keçirilib

Cənubi Xəzər hövzəsinin karbohidrogen yataqlarına həsr olunan ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda növbəti ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Akif Əlizadə institutda keçirilən elmi seminarların əhəmiyyətindən danışıb.

Sonra akademik Əkpər Feyzullayev “Cənubi Xəzər hövzəsində karbohidrogen yataqlarının formalaşmasının çöküntü-kondensasiya modeli” mövzusunda geniş təqdimat edib.

Ə.Feyzullayev bildirib ki, çöküntü hövzələrində karbohidrogen (KH) yataqlarının əmələ gəlmə mexanizmi hələ də geoloqlar arasında müzakirə mövzusudur. Bu, həm KH-in mənşəyi haqqında müxtəlif nəzəriyyələrin olması, həm də müəyyən qrup hövzələr arasında geoloji inkişaf tarixi, geotektonik quruluş, geodinamik şərait, maddi tərkib və s. baxımından əhəmiyyətli fərqlə bağlıdır. Bu baxımdan, dünyanın ən qədim neft-qaz əyaləti olan Cənubi Xəzər hövzəsi (CXH) bir əsrdən çoxdur ki, geoloqların hərtərəfli tədqiqatlarının obyektinə çevrilib.  

Təqdimatda CXH-nin neft və qaz yataqları və palçıq vulkanları üzrə uzun illər ərzində aparılan çöl, analitik və mədən (quyuların temperatur və məhsuldarlığının ölçmələri, KH-in fiziki-kimyəvi xassələrinin, lay sularının hidrokimyəvi tərkibinin və s. təhlili) tədqiqatlarının nəticələri ümumiləşdirilərək göstərilib.

Akademik diqqətə çatdırıb ki, bazal laylarda (əsasən mezozoy) yüksək molekulyar KH-ni həll etmək qabiliyyətinə malik superkritik flüidin (metan və su buxarı) əmələ gəlməsinə səbəb olan gərgin temperatur şəraiti (250-500ºС) mövcuddur.

Dərin çöküntülərin yüksək dərəcədə qapalılığı şəraitində (qeyri-normal yüksək flüid təzyiqlərinin əmələ gəlməsi ilə əks olunan) qaz-buxar məhlulunun kütlə daşınmasında fokuslanmış impuls-injeksiya miqrasiya forması üstünlük təşkil edir. Bir fazalı buxar-qaz məhlulunun subvertikal axınları ana süxurların özlərində əmələ gələn qazlarla birlikdə maye KH-in emiqrasiyasında böyük rol oynayır. Bu axınların miqrasiya yolları çatlar sistemi, tektonik pozulmalar, dərin qırılmalar və palçıq vulkanlarının kanallarıdır.

Təqdimat müəllifi üst layların rezervuarlarında toplanmış KH-in müşahidə olunan məkan faza zonallığı qaz-buxar məhlulunun miqrasiya zamanı faza differensiasiyası (qaz və maye karbohidrogenlərə ayrılması) və rezervuarın daxilində KH-in sonrakı törəmə dəyişiklikləri ilə bağlılığını da göstərib.

Akademik Əkpər Feyzullayevin “Cənubi Xəzər hövzəsində karbohidrogen yataqlarının formalaşmasının çöküntü-kondensasiya modeli” mövzusunda təqdimatı ətrafında çıxışlarda çoxsaylı mülahizələr səsləndirilib, suallar cavablandırılıb, təkliflər verilib.

Elmi şura bütün bunlara əsaslanaraq təqdimatı yüksək qiymətləndirib və tədqiqatların davam etdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: