“Şuşa ili” çərçivəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın maddi mədəni irsi muzey kolleksiyasında” mövzusunda Arxeoklubun elmi seminarı keçirilib.
Bakı şəhərinin Nizami rayonundakı 312 saylı məktəbin VIII və IX sinif şagirdlərinin iştirakı ilə keçirilən seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə çıxış edərək muzeyin Arxeologiya Fondunun tarixi, Qarabağ ərazisində tapılmış artefaktlar barədə məlumat verib.
Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Emin Məmmədovun məruzəsi Qarabağ ərazisində aşkarlanmış, muzeydə qorunan qədim və ilk orta əsrlərə aid arxeoloji artefaktlar, orta əsr abidələri, Azərbaycan arxeoloqlarının fəaliyyəti, muzeydə belə materialların qorunması və təbliğinə həsr edilib.
Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova muzeyin Numizmatika Fondu, fondda qorunan Qarabağ ərazisində aşkarlanmış numizmatik faktlar barədə ətraflı məlumat verib, onların tədqiqinin zəruriliyini vurğulayıb.
Elektron təqdimatlarla müşayiət olunan seminarda maraqlı müzakirələr aparılıb, şagirdlər Qarabağ ərazisində aşkarlanmış, hazırda Arxeologiya fondunda qorunan müxtəlif dövrlərə aid məişət əşyaları, əmtəə vasitələrini əyani surətdə müşahidə ediblər.
Şagirdlər həm də muzeydə olan “Nizami Gəncəvi və Azərbaycan atabəyləri dövləti” və “Qarabağın incisi – Şuşa” sərgilərinə də tamaşa ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.