Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2022 11:16
  • A-
  • A
  • A+

“Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib

“Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib.

Seminarda Qazaxıstandan gəlmiş alimlər, institutun əməkdaşları, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

İclası Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qonaqları müəssisənin baş direktoru, akademik İsa Həbibbəylinin adından salamlayıb.

“Bugünkü görüşdə qazax alimləri filologiya üzrə fəlsəfə doktorları Gülmira Salumbek və Aynur Axmetova məruzə edəcəklər. Onlar Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşlarıdır. Azərbaycan ədəbiyyatı, eyni zamanda Azərbaycanda Qazaxıstanla bağlı aparılan tədqiqatlarla maraqlanırlar. Dünən Fəxri xiyabanda olmuşuq, Şəhidlər xiyabanını ziyarət etmişik. Qonaqlar Ədəbiyyat Muzeyi ilə tanış olub, akademik İsa Həbibbəyli ilə görüşüblər. Bizim Muxtar Auezov və Abayla bağlı nəşrlərimizi onlara təqdim etmişik. Qonaqlara məlumat vermişik ki, Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatı istiqaməti aparıcı xətt olaraq öyrənilir. Bu istiqamətdə iki şöbəmiz fəaliyyət göstərir”, - deyə M.Həsənli qeyd edib.

Sonra Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ilk dəfə Azərbaycanda 2008-ci ildə Türk xalqları ədəbiyyatı şöbəsi yaradılıb. İstər türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsi, istər ədəbi əlaqələrin inkişafı baxımından şöbə xeyli iş görüb. Şöbənin doktorantlarından Turan Teymurov, Nərmin Azadgil, Könül Əliyeva qazax ədəbiyyatı ilə bağlı dissertasiya yazıblar.

Qazaxıstanlı alimlər isə Azərbaycan dilində qazax ədəbiyyatı ilə bağlı məruzə ediblər.

Seminarda institutun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətova və aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran çıxış edərək həm ümumi türk xalqları ədəbiyyatının, həm də Qazaxıstan ədəbiyyatının Azərbaycanda tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: