Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2022 16:13
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası institutun baş direktoru, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

Tədbirdə g.-m.e.d. Namaz Yusubov “Dizyunktiv dislokasiyaların Cənubi Xəzər çökəkliyinin çöküntü örtüyünün neft-qazlılığına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, regional miqyaslı profillər boyu qeydə alınmış əksolunan seysmik dalğa sahəsinin geoloji dəyərləndirilmə nəticələrinə görə, çöküntü kompleksinin dabanının Orta Kürdə Yura, Aşağı Kürdə, Cənubi Xəzərdə, Orta Xəzərdə və Quba-Xəzəryanı rayonlarında isə Paleozoy yaşlı bünövrə ilə təmasda olması fikri əsaslandırılıb.

Onun sözlərinə görə, Azərbaycanın depressiya ərazilərində, o cümlədən Orta Xəzər və Cənubi Xəzər çökəkliklərində çöküntü qatın qalınlığı haqqında məlumatlar dəqiqləşdirilib və mövcudluğu güman edilən bir sıra regional miqyaslı tektonik qırılmaların Azərbaycanın depressiya zonalarında, o cümlədən Cənubi Xəzər və Orta Xəzər çökəkliklərinin çöküntü qatında yer almadığı və onların karbohidrogen yataqlarının yaranmasında iştirak etmədiyi müəyyənləşdirilib. Çöküntü qatın Balaxanı lay dəstəsindən sonrakı intervallarında müşahidə olunan tektonik qırılmaların palçıq vulkanizmilə əlaqəliliyi seysmik məlumatlar əsasında sübut edilib.

Orta Kür və Quba Xəzəryanı rayonlarında neft yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı (Eosen, Maykop) stratiqrafik ekranlaşmış tələlərdə və nefttörədici layların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda, Cənubi Xəzər və ona bitişik Aşağı Kür və Şamaxı-Qobustan çökəkliklərində palçıq vulkanizminin eruptiv kanalları ilə Maykop lay dəstəsindən ayrılan karbohidrogen flüidlərinin Məhsuldar Qat laylarındakı rezervuarlarda toplanması nəticəsində yarandıqları haqqında mühüm nəticələr əldə edilib. 

Müəllifin tədqiqatlarının nəticələri 3 yerli jurnalda, 2-si “РИНЦ” və 4-ü “Web of Science, o cümlədən Scopusbazalarına daxil olan jurnallarda dərc edilib.

Məruzə dinlənildikdən sonra mövzunun aktuallığı qeyd edilib və tədqiqatların davam etdirilməsi qərara alınıb.

İclasda, həmçinin institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfransın təşkili və müəssisə əməkdaşlarının attestasiyasının keçirilməsi kimi məsələlər də müzakirə olunub.

Daha sonra t.e.ü.f.d. Bünyad Kazımov “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin və ehtiyatların idarə edilməsinin proqnozlaşdırılması üçün yeni üsullarının yaradılması” (2020-2022), f.-r.e.d. Ədalət Həsənov isə “Azərbaycanın neft-qazlı komplekslərinin stratiqrafik identifikasiyası” (2020-2022) adlı elmi-tədqiqat işinin yerinə yetirilməsinin gedişatı haqqında məlumat veriblər.

Bundan əlavə, müəssisənin Təhsil şöbəsinin müdiri Arif Hüseynov institutun doktorantlarının və dissertantlarının attestasiyası və 2021-ci ildə qəbul olunmuş doktorant və dissertantların fərdi iş planlarının təsdiqi haqqında hesabatı təqdim edib.

Həmçinin institutun icraçı direktoru, g.-m.e.d.,  prof. Vaqif Qurbanov elmi vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi barədə məlumat verib. Gizli səsvermə yolu ilə f.-r.e.d. Ədalət Həsənov şöbə müdiri və Ülviyyə Mövsümova baş elmi işçi vəzifələrinə seçiliblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: