Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2022 17:25
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda yeni struktur islahatları müzakirə olunub

İqtisadiyyat İnstitutunda yeni struktur islahatları müzakirə olunub

İyunun 8-də AMEA-nın İqtisadiyyat İnstitutunun ümumi iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və İqtisadiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

İnstitutun baş direktoru, professor Nazim İmanov müəssisədə aparılan və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunan struktur islahatlarından danışıb.

N.İmanov, həmçinin Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, AR İqtisadiyyat Nazirliyi, AR Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da keçiriləcək “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans barədə də məlumat verib. Bildirib ki, konfransda Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı, Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması mövzularında müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Onun sözlərinə görə, beynəlxalq əhəmiyyət daşıyan konfransda xarici ekspertlərin və tədqiqatçıların da iştirakı gözlənilir. 

Sonra çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov zamanın tələblərinə və müasir çağırışlara uyğun olaraq İqtisadiyyat İnstitutunda aparılmış struktur dəyişikliklərinin vacibliyini və əhəmiyyətini qeyd edib. O, İqtisadiyyat İnstitutunun apardığı fundamental tədqiqatların Azərbaycanda iqtisad elminin, ölkə iqtisadiyyatının inkişafındakı yeri və rolunu xüsusi vurğulayıb.

Daha sonra xüsusi elmi-tədqiqat layihələri üzrə İqtisadiyyat İnstitutunun direktorunun müşaviri, dosent Allahyar Muradov hökumət qurumlarının sifarişi ilə həyata keçirilən layihələr, habelə müxtəlif tipli yeni layihələrdə, ayrı-ayrı qurumların elan etdikləri qrant müsabiqələrində müəssisə əməkdaşlarının iştirak imkanları barədə məlumat verib.

İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev isə qarşıda duran əsas vəzifələrdən və hədəflərdən, görüləcək işlərdən, şöbələrdə aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən, elmi müzakirələrin təşkilindən, kadr potensialından səmərəli istifadə imkanlarından danışıb.

Sonda N.İmanov AMEA-nın müxbir üzvü Akif Musayevi 75, professorlar Tofiq Hüseynovu 85, Tərbiz Əliyevi 75, Ağarza  Rüstəmovu 70, baş menecer Şakir Alıyevi 60 illik yubileyləri münasibətilə təbrik edib. AMEA-nın müxbir üzvü Akif Musayevin 75 illiyi münasibətilə AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında elmi sessiyanın keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: