Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2022 08:40
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar təşkil edib

Elm Tarixi İnstitutu “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar təşkil edib

AMEA-nın Elm Tarixi İnstitutu  “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib.

Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli çıxışında seminarın mövzusunun aktuallığını qeyd edib. O, Elm Tarixi İnstitutunda aparılan tədqiqatların kulturologiya ilə bağlı aspektlərinə toxunub, sahənin elm tarixinin profil istiqamətləri ilə nəzəri yaxınlığı haqqında danışıb.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı, tarix elmləri doktoru, professor Fuad Məmmədov “Kamilliyə aparan yol” mövzusunda məruzə edib. Kulturologiyanın metodologiyası, tədqiqat obyektləri və yanaşma üsulları barədə ümumi məlumat verən professor qeyd edib ki, dünya sivilizasiya tarixinin müasir mərhələsində şəxsiyyət, cəmiyyət və dövlətin həyatında kulturologiyanın əhəmiyyəti artır. Alim bildirib ki, insanın həyat fəaliyyətinin təkmilləşməsi, qloballaşmadan yaranan yeni tələblər, dövlət və cəmiyyətin inkişafı, yeni texnologiyalardan düzgün istifadə, şəxsiyyət və liderlərin hazırlanmasına olan ehtiyac siyasi, sosial-iqtisadi və beynəlxalq proseslərin sistemli kulturoloji təhlilinə xüsusi ehtiyac yaradıb. Kulturoloji tədqiqat, təhsil və maarifçilik olmadan balanslaşdırılmış siyasət və effektli dövlət idarəçiliyi, rəqabətli iqtisadiyyat və yüksək sosial etika, beynəlxalq münasibətlər və dünyada mədəniyyətin bərqərar olmasını təsəvvür etmək mümkün deyil.

Müzakirə formatında davam edən tədbirdə suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: