Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2022 13:59
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimatı keçirilib

“Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimatı keçirilib

İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Bir xalqın tarixində onun istiqlalı ən mühüm məsələdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətin qurucuları çox istəyirdilər ki, istiqlalımız əbədi olsun. Lakin Cümhuriyyət hökuməti cəmi 23 il yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrəti ilə yaşadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Rafael Hüseynov Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin məzunu olması ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb. Rektor müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir.

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva isə çıxışında kitabın siyasətçilər, politoloqlar, tarixçilər, tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Hicran Hüseynova, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini, tariximizin daha dolğun əks olunması yönündə dəyərini vurğulayıblar. Qeyd ediblər ki, kitab yaxın zamanlarda müxtəlif xarici dillərə tərcümə olunmalı, təhsil müəssisələrində geniş tədris edilməlidir.

Çıxış edənlər kitabın həm bu gün, həm də sabah üçün əhəmiyyətli olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, kitabda XX əsrin sonlarında Azərbaycanın müstəqillik və dövlətçilik mübarizəsi hərtərəfli əksini tapıb. Nəşr, həmçinin iyunun 15-də qeyd edəcəyimiz Milli Qurtuluş Gününə bir töhfədir. Əsər fundamental, törədici olmaqla, təkcə faktı təsbit etmək deyil, onun üzərində işləmək və milli şüura çevirmək baxımından da önəmlidir.

Tədbirin sonunda çıxış edən kitabın müəllifi, AMEA-nın müxbir üzvü, BDU-nun professoru, Milli Məclisin deputatı Musa Qasımlı kitabın hazırlanmasında dəstəyə görə BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, tarix yalnız xronologiya üçün deyil, həm də öyrənib ibrət almaq üçündür. Musa Qasımlı Azərbaycan tarixinin ən önəmli səhifələrindən birini əks etdirən kitabın bu baxımdan ölkə ictimaiyyəti üçün dəyərli hədiyyə olduğunu qeyd edib.

Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: