Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.06.2022 16:00
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Torpaq” filminin nümayişi olub

Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Torpaq” filminin nümayişi olub

İyunun 17-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin ssenari müəllifi və rejissoru olduğu “Torpaq” filminin nümayişi baş tutub.

Filmin ssenarisi 1988-ci ildə Ermənistandan deportasiya olunan məcburi köçkünlərin həyatı əsasında yazılıb. Filmin operatoru Rəşad Nuriyev, musiqisi Azər Əsgərov, montajçısı Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

Mərkəzi Elmi Kitabxanada baş tutan təqdimat mərasimində institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Ayaz Salayevin həm kinoşünaslıqda, həm də elmi-tədqiqat işlərində daim uğur qazandığını söyləyib. Bildirib ki, A.Salayev dəqiq sənədlər əsasında və tarixi faktlarla danışan bir insandır. Bu gün nümayiş etdirilən “Torpaq” filmində ssenari müəllifi azərbaycanlıların Ermənistandan deportasiya olunma tarixindən bəhs edir. Sadə quruluşa malik olan filmdə ermənilərin şiddət, əzab-əziyyətlərinə məruz qalan azərbaycanlılar öz acı həyat hekayələrini danışırlar. Natiq qeyd edib ki, bədii kino janrında təqdim olunan bu üslub A.Salayevin dəst-xəttini bildirir. Aydın və sadə quruluşda təqdim olunan filmdə tarixi faktlar öz sözünü deyib.

Sonra AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Ayaz Salayevi geniş və hərtərəfli həyat və sənət təcrübəsinə malik olan bir insan kimi səciyyələndirib. Vurğulayıb ki, kinoşünas A.Salayevin “Torpaq” filmi tarix nöqteyi-nəzərindən tarixi sənəd, hüquqi baxımdan isə erməni faşizmini dəstəkləyənlərə qarşı bir ittihamnamə sənədidir. Alim bildirib ki, filmdə danışılan hadisələrin şahidi və elmi cəhətdən həmin dövrü tədqiq edən bir insan kimi A.Salayev ssenarini yazarkən onun tövsiyələrindən istifadə edib.

Daha sonra çıxış edən filmin ssenari müəllifi və quruluşçu rejissoru, kinoşünas Ayaz Salayev filmin təqdimatının Milli Qurtuluş Gününə həsr olunduğunu söyləyib. A.Salayev “Torpaq” filminin kino sənətində yeni bir janr olduğunu, tarixi prosesi görüntü vasitəsilə göstərmək istədiyini deyib.

Çıxışlardan sonra “Torpaq” filmi nümayiş etdirilib.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: