Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2022 17:54
  • A-
  • A
  • A+

“Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” mövzusunda elmi sessiya keçirilib

“Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Humanitar Elmlər Bölməsinin və ona daxil olan müəssisələrin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş “Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, konfransda rəhbərlik etdiyi müəssisə ilə yanaşı, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutundan, eləcə də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Hayrettin İvgin və Özbəkistandan alimlər iştirak edirlər.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd ötən ay Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və bugünkü tədbirdə ona diplomu təqdim olunacaq: “Professor Vüqar Əhmədin mükafata layiq görülməsi Ədəbiyyat İnstitutunun dünyada tanınması üçün atılmış addımlardan biridir”.

Sonra Hayrettin İvgin professor Vüqar Əhmədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvlüklə bağlı diplomunu təqdim edib.

O, həmçinin Mirzə Ələkbər Sabirin yaradıcılığının Türkiyədə təbliği ilə bağlı lazımi dəstəyi göstərəcəyini diqqətə çatdırıb.

Vüqar Əhməd isə çıxışında ona verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

Konfransın mövzusu haqqında giriş sözü söyləyən akademik İsa Həbibbəyli bildirib ki, Sabirin anadan olmasının 160 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə respublikamızda qeyd edilir: “Sabir satirik şeir məktəbi yaratmışdır. 40-a yaxın mərsiyə yazıb, onlardan təxmini 20-si bizə çatıb. Cəmi 12 qəzəli məlumdur. Əslində, “Molla Nəsrəddin”ə qədər satira az yazıb. Biz o fikirdəyik ki, “Molla Nəsrəddin” böyük ədəbi məktəbdir, onun içində məktəblər də var. “Molla Nəsrəddin” nəsr məktəbi, satirik publisistika məktəbi, karikatura məktəbi, o cümlədən satirik şeir məktəbi var. “Molla Nəsrəddin” satirik şeir məktəbinin banisi Mirzə Ələkbər Sabirdir. Sabirin yaradıcılığında iki böyük istiqamət var: Sabir insanlığın şairidir və Sabir hürriyyət şairidir. Sabirlərin arzusu milli müstəqil dövlətçilik uğrunda mübarizə idi. Bu arzu 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə yerinə yetirildi. Sabirlərin arzusunu Ulu Öndər Heydər Əliyev və hazırda isə Prezident İlham Əliyev müstəqil Azərbaycanı addım-addım irəli aparmaqla həyata keçirmiş olur. Bu sessiyanın məqsədi Sabiri elmi gündəmə yenidən gətirməkdir”.  

Sessiyada Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” jurnalı və Mirzə Ələkbər Sabir”, Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Bahadır Kərimov “Mirzə Ələkbər Sabir və özbək ədəbiyyatı”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva “Mirzə Ələkbər Sabir təsviri sənətdə”, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirli “Mirzə Ələkbər Sabir Azərbaycan mühacirət mətbuatında”, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzov “Mirzə Ələkbər Sabirin dili” və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Yaşar Qasımbəyli “Mirzə Ələkbər Sabir yaradıcılığı və türk xalqları poeziyasında yenilənmə mərhələsi” adlı məruzələrlə çıxış ediblər.

Sessiyada Sabir fondunun təsisçisi və prezidenti Sevda Tahirli çıxış edərək böyük şairə verilən elmi dəyər üçün minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: