Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2022 16:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda rusiyalı alimin iştirakı ilə elmi seminar keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda rusiyalı alimin iştirakı ilə elmi seminar keçirilib

İyunun 24-də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu müəssisənin, Radiasiya  Problemləri İnstitutu, Fizika İnstitutu və Rusiyanın Kurçatov İnstitutunun alimlərinin iştirakı ilə “Hidrogenin energetikası - perspektivlər və problemlər” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq Kurçatov İnstitutunun Elektrokimyəvi və hidrogen texnologiyası şöbəsinin müdiri, k.e.d., professor Vladimir Fateyevi salamlayıbonu Bakıda görməkdən məmnunluq duyduğunu bildirib. Akademik qeyd edib ki, hazırda “yaşıl” enerjidən istifadə dünyanın aktual problemlərindən biridir Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişaf strategiyasında da “yaşıl energetika”, tullantısız texnologiyaların istifadəsi, təmiz ətraf mühit problemi 2 fevral 2021-ci ildə elan edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in tərkib hissəsinə daxil edilib.

Akademik hidrogen energetikasına diqqətin son illərdə artmasının iqlimin qorunması üçün 12 dekabr 2015-ci ildə qəbul edilmiş Paris razılaşmasının tələblərini reallaşdırmaq və qlobal temperatur artımını 2%-dən aşağı salmaq, karbonsuz enerji daşıyıcılarına, ilk növbədə hidrogen enerjisinə keçidi təmin etmək məqsədi daşıdığını söyləyib. Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinə Günəş və külək enerjisi, geotermal enerji və hidro enerji, biokütlə və hidrogen aid edilir. Hazırda mütəxəssislərin fikrincə neft, qaz və kömürü əvəz edə biləcək və onlarla rəqabət aparmaqda ən perspektivli enerji mənbəyi hidrogendir. Bu baxımdan bugünkü seminarda aparılacaq müzakirələr xüsusilə əhəmiyyətlidir.

Sonra professor Vladimir Fateyevin Hidrogen energetikası - bu gün və sabahadlı məruzəsi dinlənilib. Məruzədə V.Fateyev vurğulayıb ki, hidrogen “yaşıl” və ən təmiz enerji mənbəyidir. Bu baxımdan hidrogen energetikası - hidrogenin enerji daşıyıcısı kimi, yəni enerjinin toplanması, nəqli, istehsalı və istehlakı vasitəsi kimi istifadəsinə əsaslanan enerji sahəsidir. Professor məruzəsində hidrogenin alınması, saxlanılması və daşınması məsələlərinə toxunaraq hər bir mərhələdə olan problemlərdən danışıb. V.Fateyev bildirib ki, hidrogenin alınma üsulları içərisində ən ucuz başa gələni suyun fotoelektrokimyəvi elektrolizidir. Bundan başqa, o, hidrogen energetikasının dünyanın müxtəlif ölkələrində inkişaf strategiyalarına da toxunub və Almaniya, Rusiya, ABŞ və s. ölkələrin bu istiqamətdə müqayisəli təhlilini verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Akademik Adil Qəribov AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı məruzə ətrafında çıxış edib, qonağa aktual məruzə üçün minnətdarlıqlarını bildiriblər.

Sonda akademik Dilqəm Tağıyev Azərbaycanda hidrogen energetikasının inkişaf etdirilməsi və hazırlanan proqram haqqında, eləcə də institutda bu sahədə aparılan tədqiqat işləri barədə məlumat verib. Akademik Kurçatov İnstitutunun Elektrokimyəvi və hidrogen texnologiyası şöbəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilsinin hər iki tərəf üçün perspektivli olacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: