Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 nəfər əsgərinin xatirəsinin əbədiləşdirilməsi naminə həmin şəhidlərin dəfn olduğu yerdə - 17-ci əsrin yadigarı olan Şah Abbas Məscidinin qoşa minarələri yaxınlığında iki qardaş dövlətin bayraqları ilə əhatələnən mərmər abidənin açılışı olub.
Təntənəli açılış mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki baş konsulu Zəki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan – Türkiyə İşadamları Birliyinin (ATİB) sədri Camal Yanğın, bölgəni təmsil edən millət vəkilləri, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin yüksək rütbəli zabitləri, hər iki ölkənin işgüzar dairələrinin, dini qurumlarının təmsilçiləri, YAP şəhər təşkilatının, dövlət və ictimai qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar, gənclər və incəsənət adamları iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Qafqaz İslam Ordusunun Gəncədə qəhrəmancasına şəhid olan 13 əsgərinin xatirəsinə həsr olunan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlığın sarsılmazlığının, əqidə birliyinin daha bir nümunəsidir və bu abidənin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə açılması tarixi bir hadisə kimi yadda qalacaq.
Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zəki Öztürk çıxışında 104 il əvvəl Gəncədə qəhrəmancasına həlak olmuş türk əsgərlərinin şəhidlik tarixçəsi və onların dəfn olunduğu yerin sənədlərə istinadən dəqiqləşdirilməsinin təfərrüatlarından bəhs edib. Baş konsul, həmçinin abidənin ərsəyə gətirilməsi yönündə çalışmalarda Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə Bölməsinin, yerli media işçilərinin, eləcə də ATİB-in səylərini yüksək qiymətləndirib və bu işdə əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
Açılış mərasimindəki nitqində Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağçı tarixin ən taleyüklü anlarında Türkiyənin öz qardaşı Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” ifadələrinin ölkələrimizin sarsılmaz birliyinin təcəssümü olduğunu qeyd edib. C.Bağçı, həmçinin Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıyacan keçdiyi şanlı döyüş yolu boyu rastımıza çıxan əsgər məzar və abidələrin birgə tariximizin şanlı simvolları olduğunu deyib.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev isə öz çıxışında Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun məhz Gəncədə türk və Azərbaycan birləşmiş hərbi qüvvəsi kimi formalaşdırıldığını qeyd edib. Akademik Fuad Əliyev, həmçinin bugünkü əlamətdar tarix münasibətilə Gəncə ziyalılarının kiçik töhfəsini – AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanan “Türkiyə - Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” adlı kitabı da təqdim edib. Akademik F.Əliyev bu kitabın tarixin həlledici dönəmlərində qardaş ölkələrimizin ümumi milli maraqlarının formalaşdırılması və inkişafına dair tədqiqat materiallarından ibarət olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Türkiyə - Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 1 iyun 2022-ci il tarixli qərarı ilə çap olunub. Nəşrin müəllifi bölmənin əməkdaşı Zakir Muradov, redaktoru Elnur Həsənovdur. Kitaba Türkiyə Respublikasının Gəncədəki baş konsulu, Dr. Zəki Öztürk “Ön söz” yazıb. Kitabda oxucuların diqqətinə təqdim edilən tarixi oçerklər uzun müddət Rusiya imperiyasının tərkibində yaşamış Azərbaycan xalqının milli-siyasi ideyasının təşəkkülündə və öz müstəqil dövlətini, qısa zaman kəsiyi müddətində olsa belə, yarada bilməsində, eləcə də yeddi onillik sovet dövründən sonra həmin müstəqilliyinə özünün Ulu Öndərinin qətiyyətli əzmi ilə yenidən, bu dəfə əbədi və dönməz şəkildə qovuşmasında Türkiyə amilinin həlledici təsiri və əvəzsiz rolu haqdadır. Kitabda, həmçinin Türkiyə və Azərbaycanda yaşayan sadə insanların müştərək qardaşlıq sevgisinə aid nümunələr də yer alıb.
Məsələn, kitabdakı araşdırma materiallarından biri 1918-ci ildə Gəncədə Nuru paşanın şərəfinə bəstələnmiş və ifa edilmiş Azərbaycanın ilk ordu marşı haqdadır. 104 il ərzində publik olaraq ifa edilməmiş bu musiqi əsərinin ilk dəfə bu təntənəli açılış mərasimində səsləndirilməsi də böyük maraq doğurub. Musiqisi tanınmış tarzən və bəstəkar Məşədi Cəmil Əmirova (1875-1928, böyük bəstəkarımız Fikrət Əmirovun atası), sözləri gəncəli yeniyetmə şair Səlman Əhmədliyə (1901-1972, tanınmış aktyor və vokalçı Mobil Əhmədovun atası) məxsus olan bu qəhrəmanlıq əsəri mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının musiqiçiləri və Gəncə Dövlət Filarmoniyasının solistləri səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.