AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Koreya-Azərbaycan III Humanitar Forumunun “Dördüncü Sənaye inqilabı: Koreya və Azərbaycanda yeni humanitar çağırışlar” beynəlxalq simpoziumu keçirilib.
Forum Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və Avrasiya Türk Araşdırmalar İnstitutunun əməkdaşı Sunah Choinin moderatorluğu ilə baş tutub.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açılış nitqində forum iştirakçılarını salamlayaraq, bu cür tədbirlərin iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu ifadə edib. Bildirib ki, respublikamızın müstəqillik qazanmasından sonra başlamış Azərbaycan-Koreya çoxcəhətli əlaqələri qısa müddətdə böyük məsafə qət edib. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş Cənubi Koreya və Azərbaycan əlaqələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində uğurla davam etməkdədir. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanla Cənubi Koreya arasında neft sektorunda, informasiya texnologiyaları sahəsində, nəqliyyat istiqamətində, o cümlədən elm, təhsil, mədəniyyət sferalarında çoxlu əhəmiyyətli tədbirlər həyata keçirilib. Vurğulayıb ki, Koreya müstəqil Azərbaycan dövlətinin Asiyadakı əsas tərəfdaşlarından, müttəfiqlərindən birinə çevrilib: “Minnətdarlıq hissi ilə qeyd edirik ki, Cənubi Koreya hər zaman beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Cənubi Koreyanın 44 günlük Vətən müharibəsində Azərbaycanın ədalətli mübarizəsini müdafiə etməsi də yüksək minnətdarlığa layiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” hərəkatı proqramı çərçivəsində Qarabağın yenidən qurulmasında çox aktiv iştirak edirlər. Diplomatik münasibətlərimizin 30 illiyi dövründə görülmüş işlərə yekun vurarkən çox böyük və əhəmiyyətli tədbirlərin həyata keçirildiyini xüsusilə qeyd etməliyik. Koreya Azərbaycana dost, qardaş və tərəfdaş ölkədir. AMEA-nın Tarix, Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya, Ədəbiyyat və İqtisadiyyat institutları Cənubi Koreya ilə hər biri öz profilinə uyğun olaraq əlaqələr yaradıblar. Ədəbiyyat İnstitutunda Koreya mərkəzi fəaliyyət göstərir. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və həmin şöbənin əməkdaşı Leyla Həsənzadə Cənubi Koreya Mərkəzinin inkişaf etdirilməsi üçün səy göstərirlər. Artıq Cənubi Koreya ədəbiyyatı da tədqiq olunur. Bundan sonrakı yeni mərhələdə qarşılıqlı şəkildə Koreya ilə Azərbaycanın elm və ədəbiyyat sahəsindəki əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərəcəyik. Üçüncü dəfə birgə humanitar forumun təşkili bu inkişafın real göstəricilərindən biridir. Bu əlaqələrin inkişafında bizim tərəfdaşımız Eunkyung OH xanımın və onun rəhbərlik etdiyi institutun rolunu və münasibətlərin inkişafında SEBA-nın ayrıca xidmətini qeyd etməyi də özümə borc bilirəm. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovaya da iştirakı üçün minnətdarıq”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Eun-Yong Lee çıxışında qeyd edib ki, “Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub və üçüncü dəfə gerçəkləşib. Humanitar elmlər sahəsində mübadilə uğurla davam edir. Qeyd etmək istəyirəm ki, Koreya-Azərbaycan Humanitar Forumunun keçirildiyi ilk il çox mənalı idi. İkinci dəfə təşkili onu göstərdi ki, bu forumun davamlı olaraq keçirilmə imkanı var. Avrasiya Türk Araşdırmalar İnstitutu və Ədəbiyyat İnstitutu mərkəzdə olmaqla hər iki institutun rəhbərliyi ilə humanitar forum sahəsində gələcəkdə əməkdaşlığımız daha da inkişaf edəcək. Xüsusi olaraq Koreya Qarabağın yenidən qurma layihələrində, bərpa olunan enerji sahələrində, “ağıllı kənd”, həmçinin kənd təsərüfatı sahəsində öz kapitalını sərf edəcək, Azərbaycanın işçi qüvvəsi ilə birlikdə aktiv şəkildə iştirak edəcək. Humanitar sahədə əldə olunmuş nailiyyətlərdən birini xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Koreyada koreya dilinə tərcümə olunub”.
Forumda Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri, koreyalı professor Eunkyung OH çıxış edərək vurğulayıb ki, Azərbaycan Koreyanın mühüm iqtisadi əməkdaşı strategiyasının mərkəzində duran tərəfdaş ölkədir və Azərbaycan Koreya ilə dil, mədəniyyət və tarix baxımından sıx əlaqələri olan türk dövlətlərindən biridir: “Mən türk dövlətləri içərisində ən son Azərbaycana gəlmişəm. Koreyada bizim İnstitutumuzda Azərbaycan haqqında və Nizami Gəncəviyə həsr olunmuş jurnalın xüsusi buraxılışı çıxıb. Koreya yarımadası ilə Qafqazı birləşdirən mübadilə və tərəfdaşlığa töhfə verən Humanitar Elmlər Bölməsində keçirilən ötənilki forumdan başa düşdüm ki, bu davamlı olmalıdır. Tədbirin keçirilməsində əməyi keçən Bədirxan Əhmədliyə və Ədəbiyyat İnstitutunun digər əməkdaşlarına, səfirimizə və dəstəyini əsirgəməyən hər kəsə təşəkkürlərimi bildirirəm”.
Açılış mərasimində Koreya Ətraf Mühitin Tədqiqi və Qiymətləndirilməsi İnstitutunun direktoru Lim Sam Jin “Nəqliyyatda humanitar elmlər” ilə açılan Koreya və Azərbaycanın gələcəyi” adlı geniş məruzə ilə çıxış edib.
Humanitar Forum “Dil-Ədəbiyyat” və “Tarix-Mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.