İyulun 4-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 125 illik yubileyinə həsr olunmuş “Qulam Məmmədlinin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan mədəniyyəti tarixində unudulmaz adlardan olan Qulam Məmmədlinin teatr tarixinin nadir bilicilərindən olduğunu qeyd edib. Akademik G.Baxşəliyeva Qulam Məmmədlinin Azərbaycan mədəniyyətində böyük xidmətlərinin olduğunu, onun Azərbaycanda salnaməçilik ənənəsini yaratdığını qeyd edib.
Tədbirdə Qulam Məmmədliyə həsr olunmuş film nümayiş etdirilib.
Sonra məruzələrə başlanılıb. İlk məruzəni Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “Qulam Məmmədli Azərbaycanın görkəmli ictimai-siyasi və mədəni xadimi kimi” mövzusunda edib. S.Rüstəmova-Tohidi məruzəsində Qulam Məmmədlinin həyat və fəaliyyəti, yaradıcılığı barədə danışaraq, onun Azərbaycan teatr sənətinin inkişafında gördüyü işlərdən geniş bəhs edib. O, Azərbaycanda salnamə ədəbiyyatının əsasını qoyan Qulam Məmmədlinin vətənə, xalqa təmənnasız xidmətin bir nümunəsi olduğunu qeyd edib.
Daha sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova Qulam Məmmədlinin təzkirəsi haqqında, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva Qulam Məmmədlinin əsərlərində Cənubi Azərbaycan tarixi məsələlərindən, İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Günay Verdiyeva Qulam Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatında ədəbi axtarışlarından, İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov Qulam Məmmədlinin “Azərbaycan” dərgisində çap olunmuş iki məqaləsi haqqında məruzə ediblər.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.