İyunun 1-də AMEA Dendrologiya İnstitutunda “SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Simpozium AMEA, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə ölkəmizdə keçirilən simpoziuma işində uğurlar arzulayıb, burada səslənəcək fikirlərin, tövsiyyələrin Avrasiyada biomüxtəlifliyin qorunmasına, ekoloji tarazlığın bərpasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, simpoziumun keçirilməsinin əsas məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək müzakirələr aparmasıdır.
Qeyd edilib ki, Avrasiya öz flora və faunasının zənginliyi, yüksək dərəcədə endemizmi ilə seçilir. Bu materikdə bioloji müxtəlifliyin qorunması həyati əhəmiyyət daşıyır. Lakin son illər təbiətdən qeyri-rasional istifadə nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox növlər məhv olub və sayları kəskin azalıb. Avrasiyada bu kimi problemlərin həllinin yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olacağını söyləyən AMEA prezidenti bu baxımdan simpoziumun əhəmiyyətini vurğulayıb.
A.Əlizadə bildirib ki, bioloji müxtəlifliyə görə Qafqazın ən zəngin ölkəsi olan Azərbaycanda hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 1 milyon 132 min hektaradək artırılır. Bunun nəticəsində 9 milli park, 1 biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə yaradılıb.
Azərbaycanda bioloji müxtəlifliyin öyrənilməsinin, qorunmasının prioritet istiqamət kimi müəyyən edildiyini söyləyən AMEA prezidenti ölkəmizdə yabanı və mədəni floranın biomüxtəlifliyinin sistemli şəkildə öyrənilməsi, onların toplanılması, mühafizəsi və səmərəli istifadə olunmasının akademik Cəlal Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. A.Əlizadə qeyd edib ki, məhz C.Əliyevin rəhbərliyi ilə bitki genetik resursları üzrə Milli proqram işlənilib hazırlanmış və Azərbaycanın bitki genbankı yaradılmışdır.
Bu gün ölkəmizdə biomüxtəliflik üzrə tədqiqat işlərinin əsasən AMEA-nın Biologiya və Tibb Elmləri və Aqrar Elmlər bölmələrinin institutları tərəfindən aparıldığını diqqətə çatdıran AMEA prezidenti bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, son illərdə müxtəlif ölkələrdən gətirilmiş bir çox dekorativ növlər respublikamızın florasında naturalizə olunmuşdur. Alimlərimiz tərəfindən aparılmış monitorinqlər nəticəsində 6000-dən artıq növ aşkar edilmişdir. Bundan başqa, 24 illik fasilədən sonra 2013-cü ildə Azərbaycanın “Qırmızı kitabı” yenidən nəşr edilmişdir. “Azərbaycan florası” çoxcildliyinin hazırlanması istiqamətində isə işlər davam etdirilir.
Sonra Türkiyənin Pamukkale Universitetinin rektoru, professor Hüseyn Bağcı çıxış edərək simpoziumda müzakirə olunacaq məsələlərin alimləri biomüxtəlifliyin qorunması istiqamətində uğurlu tədqiqatlar aparmağa sövq edəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üvü Tofiq Məmmədov son illər Avrasiyada təbiətdən səmərəli istifadə olunmaması nəticəsində biomüxtəlifliyin təhlükə altına düşdüyünü söyləyib. O, problemlərin həlli istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması maqsədilə bu kimi simpoziumların keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində dövlət başçısı tərəfindən bir sıra qanun və sərəncamlar verilib, bu məsələ dövlət proqramlarında öz əksini tapıb. Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutu Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. Vurğulanıb ki, institutun nəzdində yerləşən Dendroloji parkda toplanan zəngin kolleksiya sahələri ekoloji tarazlığın qorunmasında, bioloji müxtəlifliyin artırılmasında və genofondun mühafizəsində böyük rol oynayır.
Tədbirdə çıxış edən Suxume Dövlət Universitetinin professoru Todia Vaja, Batumi Dövlət Universitetinin Müdafiə Şurasının sədri Rezo Xasanoviça Jabnidze, Pamukkale Universitetinin professoru Ramazan Məmmədov, Belarus Dövlət Universitetinin əməkdaşı Anna Aleksandrova və başqaları simpoziumun nəticələrinin biomüxtəliflik sahəsində elmi axtarışlar üçün əhəmiyyətli olacağını bildiriblər. Burada aparılan elmi müzakirələrin Avrasiyada ekoloji tarazlığın tənzimlənməsini və davamlı inkişafa nail olunmasını, xüsusilə bioloji müxtəlifliyin qorunub saxlanılmasını daha da sürətləndirəyini qeyd ediblər.
İyunun 5-dək davam edəcək tədbir çərçivəsində muzeylərə, Dendroloji parka, Mərkəzi Nəbatat bağına səyahətlərin təşkili nəzərdə tutulur.
Növbəti illərdə simpoziumların müvafiq olaraq Türkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir