Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2022 15:25
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

İyulun 5-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib. O, iclasda “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzənin dinləniləcəyini bildirib və sözügedən məsələnin yeni və aktual olduğunu söyləyib.

Daha sonra  AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzəsi dinlənilib.

Professor Tofiq Hüseynov çıxışında bildirib ki, 2003-cü ilin əvvəllərində ölkə Prezidentinin Fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatı statusu verilib: “Bu müddəa 2016-ci ildə qəbul edilmiş “Elm haqqında” Qanunda və ölkə Prezidentinin 21 iyul 2017-ci il tarixli Fərmanında da təsbit edilib. Hesab edirəm ki, bu status AMEA-nın mərkəzi idarəetmə orqanına çevrildiyini ehtiva edir”.

Onun sözlərinə görə, bununla da Azərbaycanda elmin inkişafını və onun nailiyyətlərinin iqtisadiyyata tətbiq edilməsini təşkil edən vəzifələr Akademiyanın qarşısında qoyulub. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanı kimi innovasiyalı iqtisadiyyatın formalaşdırılmasında Milli Elmlər Akademiyasının aparıcı rolu müəyyənləşdirilib.

Professor Tofiq Hüseynov onu da vurğulayıb ki, ölkə başçısının 4 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiqlənib. Alim qeyd edib ki, strategiyanın əsas məqsədləri sırasında ölkənin iqtisadi inkişafında elmin rolunun artırılması və bütövlükdə elmin maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi də əks etdirilib: “Elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərindən biri kimi strategiyada ölkənin elmi-tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi nəzərdə tutulub. Bu səlahiyyətin də AMEA-ya verilməsi göstərilib”.

Alimin fikrincə, 2015-ci ilə qədər strategiyada bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmi kimi fundamental, humanitar və ayrı-ayrı prioritet tədqiqatların dövlət büdcəsindən maliyyələşdirilməsinin dövlət sifarişi formasında həyata keçirilməsinin təmin olunması hədəflənib.

O, AMEA tərəfindən ölkədə aparılan elmi tədqiqatların koordinasiyasının və ona nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Məruzəçi çıxışının sonunda Akademiyanın gələcək inkişafı istiqamətində öz konkret təkliflərini irəli sürüb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrində həyata keçirilən işlərin yarımillik hesabatından söz açıb və bununla bağlı öz tapşırıq və tövsiyələrini bildirib.

İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunda və İqtisadiyyat İnstitutunun Elmi şurasının təkibində qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib.

A.A.Bakıxanov adına Tarix İnstitutunun “Vətən tarixi” ixtisasından elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Rəşad Rüstəmovun mövzusunun adının, İqtisadiyyat İnstitutunun “Dünya iqtisadiyyatı” ixtisasından fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Hüseyn Rüstəm­linin elmi rəhbərinin və mövzusunun adının dəyişdiril­məsi və s. haqqında məsələlərə baxılıb. Həmçinin akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 3 nəfər əməkdaşının vəzifə dəyişikliyi edilməsi haqqında məsələlər müzakirə edilib.

İclasda AMEA-nın müxbir üzvü Musa Qasımlının anadan olmasının 65 illik yubileyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Eyni zamanda Tarix İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları – Hacı Həsənov 70, İlqar Niftəliyev isə səmərəli elmi, elmi-ictimai fəaliyyətinə və 50 illik yubileyinə görə İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: