Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2022 15:42
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda 2022-ci ilin 6 ayında mühüm fundamental nəzəri və tətbiqyönlü elmi nəticələr əldə olunub

Aşqarlar Kimyası İnstitutunda 2022-ci ilin 6 ayında mühüm fundamental nəzəri və tətbiqyönlü elmi nəticələr əldə olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının 2022-ci ilin I yarımilinə həsr olunan hesabat iclası keçirilib.

Müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, hesabat dövrü institut alimləri həm fundamental nəzəri, həm də tətbiqi tədqiqatlar həyata keçirərək müəyyən elmi göstəricilərin əldə olunmasına nail olublar.

V.Fərzəliyev bu yarım ildə yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, gənclərin xaricdə təcrübəkeçməsi, elmi nəşr sahəsində artan dinamika üzrə nəzərəçarpacaq nəticələr göstərildiyini diqqətə çatdırıb.

Hesabat mərzusə ilə çıxış edən institutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev qeyd edib ki, 2022-ci ilin birinci yarısında institutda mövzu planına uyğun olaraq bir üstün istiqamət və iki problem üzrə zərif üzvi sintez və kompüter kimyasının ən son nailiyyətlərindən istifadə olunaraq sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının, xüsusi mayelərin və plastik sürtkülərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılıb: “Bu tədqiqatlar institutun illik iş planındakı problemə aid 12 mövzu və 36 mərhələ üzrə aparılan işləri əhatə edib, həm müştərək beynəlxalq əməkdaşlıq yolu ilə mühüm nəzəri həm də tətbiqyönlü elmi nəticələr əldə olunub”.

2022-ci ilin I yarısında dərc olunmuş institut alimlərinin elmi əsərləri haqqında məlumat verən Ə.Sucayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 10-u “Web of Science”, “Scopus”, 4-ü “РИНЦ” bazasına daxil olan 14 məqalə impakt faktoru yüksək olan dünyanın nüfuzlu jurnallarında çap olunub. Bu əsərlərə 200-ə yaxın istinad olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə yüksək göstəricidir. Belə ki, 2021-ci ilin 6 ayında cəmi 5 məqalə impakt faktorlu jurnalda çap olunub.

İcraçı direktor qeyd edib ki, həmçinin institut əməkdaşlarının respublikada 97, xaricdə 7 olmaqla 104 tezisi müxtəlif konfranslarda məruzə olunub və çap edilib. “Bu il institutda akademik Əli Quliyevin anadan olmasının 110 illiyinə həsr olunan respublika elmi konfransı keçirildiyi üçün, demək olar ki, bütün aparıcı alimlərimiz, elmi işçilər, gənc tədqiqatçılar konfransın plenar və seksiya iclaslarında fəal iştirak edib, əldə etdikləri elmi nəticələri geniş ictimayyətə təqdim ediblər”, - deyə fikirlərinə əlavə edib.

Ə.Sucayev cari ildə institut əməkdaşlarının 2 kitabının dərc olunduğunu bildirib. Onun sözlərinə görə 2022-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzinə 11 ixtiraya dair iddia sənədi göndərilib, 7 ixtiraya dair iddia sənədinin dərci haqqında müsbət qərar 1 patent alınıb.

Son 6 ayda institut əməkdaşlarından 2 nəfərin kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə etmiş, 2 nəfərin isə elmlər doktorluğu dissertasiya işi müdafiə hazırlanmışdır. “O cümlədən institutun bir gənc doktorantı Portuqaliyanın Lisabon Universitetində təcrübə keçib, mühüm nəticələr əldə edib”, - Ə.Sucayev qeyd edib.

Sonda hesabat ətrafında laboratoriya müdirləri, professor H.Cavadova, P.Məmmədova, k.ü.f.d. M.Səfərova, M.Musayeva çıxış edərək müsbət fikirlər səsləndiriblər və hesabat məruzəsi açıq səsvermə ilə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: