Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.07.2022 14:54
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş interaktiv tədbir keçirilib

Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş interaktiv tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda interaktiv elmi-kütləvi tədbir keçirilib.

Bir neçə mərhələdə baş tutmuş tədbirdə əvvəlcə “Xurşidbanu Natəvanın irsi əlyazmalarda” mövzusunda əlyazma sərgisinin açılışı olub. Sonra Xurşidbanu Natəvanın institutun fondunda mühafizə olunan foto-portreti əsasında hazırlanmış sənədli-bədii obrazının təqdimatı, yəni onun geyiminin detalları ilə foto əsasında bərpası və qrafika ilə portretinin çəkilməsi həyata keçirilib. Daha sonra Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin biblioqrafı Gülnarə Ağayevanın hazırladığı “Xurşidbanu Natəvan - 190” kitabının təqdimatı baş tutub.

Əlyazmalar İnstitutunun Elmi Ekspozisiya zalında həyata keçirilən tədbiri giriş nitqi ilə institutun baş direktoru, akademik Teymur Kərimli açıb və tədbiri ərsəyə gətirən hər kəsə öz təşəkkürünü bildirib.

Daha sonra tədbir öz işini “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun materiallarında” mövzusunda elmi sessiya ilə davam edib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Abuzər Bağırov “Xurşidbanu Natəvanın əsərləri rus mətbuatında”, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov “Xurşidbanu Natəvanın lirikası”, baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov “Xurşidbanu Natəvan və Qarabağ ədəbi mühiti”, institutun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyal “Xurşidbanu Natəvan dövrü mətbuat səhifələrində” və sözügedən müəssisənin dissertantı Səadət Mustafayeva “Xurşidbanu Natəvan Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında” mövzusunda məruzə ediblər. Sonra məruzələr ətrafında çıxışlar dinlənilib.

AMEA-nın Gənc Alimlər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Gəncə Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxışlarında Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şairənin parlaq istedada və qabaqcıl ideallara malik olduğunu söyləyib, Natəvanın Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına, xalqımızın milli-mədəni irsinin zənginləşməsinə böyük töhfələr verdiyini, xeyriyyəçilik fəaliyyəti göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, Xurşidbanu Natəvan obrazını canlandıran institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova, geyimin müəllifi Akademik Milli Dram teatrının modelyer-rəssamı Aygün Mahmudova, qrafika üsulu ilə çəkilən rəsmin müəllifi isə Əlyazmalar İnstitutunun baş rəssamı Fidan Səfərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: