Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2015 17:13
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyəti təqdim olunub

AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyəti təqdim olunub

İyunun 2-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2014-cü ildəki fəaliyyətinə dair təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, akademiyanın institut və təşkilatlarının Həmkarlar İttifaqlarının sədrləri və KİV nümayəndələri iştirak ediblər.

AMEA prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirərək, akademiya əməkdaşlarının sosial-iqtisadi problemlərinin həllində bu birliyin yaxından iştirak etdiyini diqqətə çatdırıb. Alim Həmkarlar İttifaqının cəmiyyətdəki rolu, mövqeyi, digər ictimai birliklərlə əlaqələri və ictimai-siyasi proseslərə münasibətinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Müasir dövrün çağırışlarının AMEA AHİ qarşısında çox ciddi vəzifələr qoyduğunu dilə gətirən AMEA rəhbəri ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların, o cümlədən akademiyada sürətlə gedən islahatların daha səmərəli nəticələr verməsi üçün həmkarlar təşkilatlarının bundan sonra da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev 2014-cü ilin yekunları üzrə məruzəsini təqdim edib. O, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi və s. dövlət başçısının yürütdüyü sosial islahatların əsas istiqamətləri olduğunu diqqətə çatdırıb. Son illərdə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. 

AMEA-da aparılan məqsədyönlü islahatlar və innovativ fəaliyyət çərçivəsində görülən işlərdən danışan məruzəçi akademik Akif Əlizadənin yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunduğunu vurğulayıb. AHİ-nin uğurları və davamlı inkişaf yolundan söz açaraq İttifaqın beynəlxalq arenada güclü, fəal və innovativ milli həmkarlar ittifaqları mərkəzi kimi tanındığını deyib.

Məruzəçi 44 təşkilatı əhatə edən AMEA AHİ-nin əsas fəaliyyət istiqamətləri barədə də məlumat verib. Buraya idarəetmənin təşkili və əlaqələndirilməsi, əmək hüququ və aztəminatlı ailələrin müdafiəsi, maddi yardımın təşkili, mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması kimi tədbirlərin aid olduğunu qeyd edib. O, həmçinin İttifaqın fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən söz açıb.

Azad Həmkarlar İttifaqının sədr müavini, professor İsaxan  Vəliyev qurumun fəaliyyətinin hüquqi aspektləri ilə bağlı çıxış edərək Həmkarlar İttifaqının başlıca vəzifələrindən birinin əmək adamlarının hüquqlarını və mənafelərini qorumaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Həmkarlar İttifaqının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və Beynəlxalq Həmkarlar İttifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqı haqqında” AR Qanununun qəbul olunması ilə bu təşkilatların sərbəst, heç bir dövlət strukturundan asılı olmadan, öz nizamnamələri çərçivəsində fəaliyyət göstərmələri təsbit olunmuşdur.

İ.Vəliyev Həmkarlar İttifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalar və ictimai birliklərdən asılı olmayan müstəqil təsisat olduğunu qeyd edib. Bildirib ki, Həmkarlar İttifaqlarının əsas vəzifələrindən biri insan və vətəndaşların əmək hüququnun qorunmasından, əməyin mühafizəsi sahəsində qanunvericiliyin icrasında iştirak etməkdən ibarətdir.

Tədbirdə çıxış edənlər AHİ-nin 2014-cü ildəki fəaliyyətinə dair müzakirələr aparıb, təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: