Görkəmli iqtisadçı alim, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayev iyul ayının 11-də 75 yaşında vəfat etmişdir.
Akif Fərhad oğlu Musayev 1947-ci il iyulun 18-də Füzuli rayonunun Qorqan kəndində anadan olmuşdur. O, 1967-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) İqtisadi-riyazi modellər laboratoriyasında çalışmaqla 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1972-1975-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1977-ci ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun ixtisaslaşmış elmi şurasında “İqtisadi-riyazi üsullar” ixtisası üzrə “Avtomobil nəqliyyatında növbəli gündəlik tapşırıqların effektliliyini operativ planlaşdırma üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
A.Musayev 1976-1980-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş elmi işçi vəzifəsində, 1980-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Tətbiqi riyaziyyat kafedrasında baş müəllim, 1984-1991-ci illərdə dosent vəzifələrində çalışmış və həm o dövr üçün, həm də indi çox vacib sayılan “İqtisadiyyatda riyazi üsul və modellər”, “Riyazi proqramlaşdırma”, “Ekonometriya” fənlərinin tədris-metodiki təminatının yaradılması və tədrisi ilə məşğul olmuşdur. 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Sənayenin iqtisadiyyatı fakültəsi nəzdində Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasına rəhbərlik etməklə yanaşı, müxtəlif iqtisadi fənlər üzrə mühazirələr oxumuş, seminarlar təşkil etmiş, elmi-tədqiqat işləri yerinə yetirmişdir.
A.Musayev 1992-ci ildə Tbilisi Dövlət Universitetinin ixtisaslaşmış elmi şurasında 05.00.08 - “Xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” ixtisası üzrə “Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1993-cü ildən professor, 2001-ci ildən isə iqtisadiyyat elmləri üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi.
Akif Musayev 1999-cu ildən elmi-pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, respublikanın vergi sistemində məsul rəhbər ictimai-inzibati vəzifələrdə çalışmış, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru kimi çox böyük təşkilati elmi işləri həyata keçirmiş, 2002-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində onun təşəbbüsü ilə yaradılmış məhsuldar tədqiqatçı-alim və mahir pedaqoq kimi Azərbaycanda vergilər sahəsində elmi məktəbin əsasını qoymuşdur. Onun elmi işləri Azərbaycanın vergi sisteminin elmi əsaslarının işlənib hazırlanması, tədrisi, onun dünya təcrübəsinə uyğunlaşdırılması sahəsində çevik maliyyə və vergi siyasətinə əsaslanan iqtisadiyyatın idarəolunan ekoloji modelinin yaradılmasına və bu problemlərin həllində iqtisadi-riyazi üsul və modellərin tətbiqinə mühüm töhfə olmuşdur.
AMEA-nın Kibernetika İnstitutunda 2001-ci ildə təşkil edilmiş Fiskal siyasətin iqtisadi-riyazi modelləşdirilməsi elmi-tədqiqat laboratoriyasına rəhbərlik etməklə Azərbaycan vergi sisteminin elmi bazasının yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən İdarəetmə Sistemləri İnstitutunun Azərbaycan Respublikası iqtisadiyyatının aktual problemlərinin həll edilməsinə cəlb edilməsi sahəsində çox səmərəli iş aparmışdır. 2017-ci ildən başlayaraq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə şöbə rəhbəri kimi fəaliyyətini AMEA-nın İqtisadiyyat İnstitutunda davam etdirən professor A.Musayev iqtisadi tədqiqatları ilə yanaşı, iqtisadi proses və tədqiqatların proqram və riyazi təminatı sahəsində müvafiq elmi-tədqiqat işlərini uğurla davam etdirmişdir. 2021-ci ildən yeni yaradılan Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinə rəhbərlik edirdi
AMEA-nın müxbir üzvü, professor A.Musayev ümumilikdə 500-dən çox elmi əsərin, o cümlədən 10 monoqrafiyanin, 25 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının, 150 elmi məqalənin, 300-dən çox broşura, metodik göstəriş, elmi-populyar məqalənin, məruzənin və s. müəllifi idi. Əsərləri xarici ölkələrdə, o cümlədən Almaniyada, Rusiyada, İranda, Macarıstanda, İtaliyada, Latviyada, ABŞ-da və digər ölkələrdə çap olunmuş, bir çox beynəlxalq konfrans və simpoziumlarda dinlənilmişdir.
Professor Akif Musayev “Vergilər” qəzetinin, “Azərbaycanın Vergi Xəbərləri”, Azərbaycan Respublikası Auditorlar Palatasının “İqtisadiyyat və audit”, Bakı Biznes Universitetinin “Audit”, “Türk Bilimi”, “Türk Dünyası Riyaziyyatçılar İttifaqının” elmi jurnallarının redaksiya heyətinin üzvü kimi iqtisadiyyat elmi sahəsində aparılan elmi-tədqiqat işlərinin ictimaiyyətə çatdırılması, iqtisadi biliklərin populyarlaşdırılması sahəsində də məqsədyönlü iş aparırdı.
A.Musayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi Azərbaycan Respublikasında özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı tədbirlərin təşkilində yaxından iştirak etmişdir. Həmin illərdə müstəqil Azərbaycan dövlətində təhsilin, xüsusilə də özəl təhsilin təşkili və inkişafı sahəsində dövlət komissiyalarının üzvü olaraq, təhsilin, elmin inkişafının təmin edilməsi üçün normativ-hüquqi bazanın yaradılması, inkişaf proqramlarının hazırlanması üzrə işçi qrupların tərkibində çox səmərəli işlər görmüşdür. A.Musayevin bilavasitə iştirakı və təşəbbüsü ilə MDB məkanında ilk dəfə 2004-2005-ci tədris ilindən orta məktəblərin III sinfindən başlayaraq vergilər haqqında biliklər tədris proqramlarına daxil edilmişdir.
A.Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış elmi şuraların, eləcə də son dövrlərədək AAK Rəyasət Heyətinin üzvü kimi, həmçinin “İqtisadiyyat” üzrə respublika koordinasiya şurasının rəhbəri kimi, elmi-tədqiqat işlərinin ekspertizasında yaxından iştirak etməklə gənc alimlərin dissertasiya işlərinin müdafiələrində həmişə özünün prinsipial mövqeyi, obyektlivliyi və qayğıkeşliyi ilə seçilmişdir. İndiyə qədər onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və gənc alimlərin həyata vəsiqə almasına yardımçı olmuşdur.
Professor A.Musayev yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da səmərəli fəaliyyət göstərirdi. Onun rəhbərliyi altında 36 nəfər, o cümlədən 4 nəfər xarici vətəndaş (İran İslam Respublikası, Türkiyə və Efiopiya) iqtisadiyyat üzrə fəlsəfə doktoru, 5 nəfər iqtisadiyyat üzrə elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
AMEA-nın müxbir üzvü, professor A.Musayev Dövlət Ali Ekspert Komissiyasının üzvü, təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının işçi qrupunun, Təhsil Nazirliyinin Lisenziya Komissiyasının, Milli Məclisin Elm-Təhsil məsələləri Daimi Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü kimi təhsil sisteminin formalaşmasında, onun normativ-hüquqi bazasının yaradılmasında çox böyük işlər görmüşdür. Onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İqtisadiyyat” bölməsinin rəhbəri kimi təhsil sisteminin tədris-metodiki təminatının yaradılması, dərslik, dərs vəsaiti, proqram və s.-lərin ekspertizası, qiymətləndirilməsi və Təhsil Nazirliyinin qrifinin verilməsi sahəsindəki fəaliyyəti xüsusilə təqdirə layiqdir. O, təhsil sistemində peşəkar kadr hazırlığında dərslik və fənn proqramlarının xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq həmin sahədə uğurlu fəaliyyət göstərmişdir. Onun müəllifi olduğu, məsləhətçisi və redaktoru olduğu onlarla monoqrafiya, dərslik və dərs vəsaitləri, elmi və pedaqoji ictimaiyyət tərəfindən çox müsbət qarşılanmışdır. Professor A.Musayevin monoqrafiya və digər elmi əsərlərindən, tədqiqatçılar, mütəxəssislər, dərslik və dərs vəsaitlərindən isə respublikanın orta və ali məktəblərinin şagird, tələbə, aspirant və professor müəliim heyəti geniş istifadə etməkdədir.
Professor A.Musayevin iqtisadi kibernetika, qiymətli kağızlar bazarı, iqtisadi proqnozlaşdırmanın nəzəri məsələləri, vergi sisteminin inkişafı, ekonometrik üsullardan istifadə etməklə, vergi daxilolmalarının proqnozlaşdırması, proqnozlaşdırmanın metodologiyasının hazırlanması, vergi siyasətinin səmərəliliyinin müəyyən edilməsində vergi yükünün rolu, iqtisadi inkişafda xəlvəti iqtisadiyyat problemi, vergi idarəçiliyi və onun təkmilləşdirilməsi, vergi islahatlarının investisiyaların cəlb olunmasına təsiri kimi elmi-tədqiqat işləri iqtisadiyyatda bir çox müasir problemlərin həllinə kömək etmişdir.
Professor A.Musayev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Sazişin icraçı komissiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın üzvü olmuşdur. O, ölkəmizin maraqlarının təmin olunması, iqtisadi inkişafının sürətləndirilməsi və iqtisadi inteqrasiyasının dərinləşməsi sahəsində mühüm əhəmiyyətli bir çox işlərin yerinə yetirilməsində iştirak etmişdir. Professor A.Musayev Azərbaycanda İxracın və İnvestisiyaların təşviqi Fondunun (AZPROMA) Himayəçilər Şurasının, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində dövlət proqramının hazırlanması üzrə komissiyasının işçi qrupunun üzvi kimi müstəqil dövlətimizin iqtisadi qüdrətinin artırılması, sahibkarlığın inkişafı, əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçün bir iqtisadçı alim və peşəkar mütəxəssis kimi öz töhfəsini vermişdir.
O, AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının, Dissertasiya şurasının, bir sıra jurnalların redaksiya heyətinin üzvü, Gürcüstan Respublikasının Qafqaz Universitetinin Fəxri doktoru idi.
İqtisadçı alim Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”na, 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Eyni zamanda müxtəlif illərdə AMEA-nın və Vergilər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib.
Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu” və “Görkəmli lider mükafatı” ilə təltif olunub.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Akif Fərhad oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Akademik Arif Həşimov
Akademik İsa Həbibbəyli
Akademik İbrahim Quliyev
Akademik Dilqəm Tağıyev
Akademik Rasim Əliquliyev
Akademik Tofiq Nağıyev
Akademik Nərgiz Paşayeva
Akademik İradə Hüseynova
Akademik Gövhər Baxşəliyeva
Akademik Cəmil Əliyev
Akademik Adil Qəribov
Akademik Fikrət Əliyev
Akademik İsmayıl Hacıyev
Akademik Fuad Əliyev
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.