İyulun 14-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Lahor Dövlət Kollec Universitetinin bir qrup alimi ilə görüşüb.
Görüşdən öncə qonaqlar Nizami Gəncəvinin heykəli önündə xatirə şəkli çəkdirib və AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov da iştirak ediblər.
Görüşdə çıxış edən akademik Arif Həşimov doğma və qardaş Pakistan Respublikasının nümayəndələrini Akademiyada görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Pakistan daim Azərbaycana dost ölkə olub və respublikamız müstəqilliyini əldə etdikdən sonra münasibətlərimiz daha da güclənib, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.
Bu ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladan akademik Arif Həşimov ötən müddət ərzində tərəflərin iştirakı ilə bir sıra onlayn görüşlərin keçirildiyini diqqətə çatdırıb, Lahor Dövlət Kollec Universitetində təlim keçən AMEA-nın iki doktorantına göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə Akademiya adından minnətdarlığını bildirib.
15-18 iyul tarixlərində AMEA-nın Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan akademik Arif Həşimov tədbirin iki ölkə arasında elmi-ədəbi, mədəni əlaqələrin inkişafına və güclənməsinə töhfə verəcəyini söyləyib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla dost və qardaş ölkə Pakistan arasında uzun illərə dayanan güclü iqtisadi, siyasi, elmi, mədəni münasibətlərin olduğunu vurğulayıb. Qeyd edib ki, Pakistandan müxtəlif heyətlər Akademiyanın institutlarında keçirilən tədbirlərdə iştirak etsələr də, Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilk dəfədir AMEA-ya və ölkəmizə səfər edir. Akademik bu səfərin AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsində mühüm rol oynayacağını söyləyib.
O, 2004-cü ildə müəllifi olduğu Cəlil Məmmədquluzadə ilə bağlı kitabın İslamabadda işıq üzü gördüyünü, həmçinin 100 Azərbaycan şairinin şeirlərinin ingilis dilində Pakistanda çapdan çıxdığını deyib və bu ölkəyə müxtəlif illərdə etdiyi səfərlər barədə məlumat verib.
15-18 iyul tarixlərində keçiriləcək “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı barədə danışan akademik İsa Həbibbəyli tədbir çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılacağını, Pakistanın tanınmış şairi və filosofu Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının Pakistan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışının təqdimatının baş tutacağını, Quba Soyqırımı Memorial Kompleksinə, o cümlədən bir sıra muzeylərə səfərlərin təşkil ediləcəyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə olunduğunu və görkəmli ədiblə bağlı monoqrafiyanın hazırlandığını deyən alim öz növbəsində Pakistanda urdu dilində dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin nəşrinin əhəmiyyətindən danışıb.
Görüşdə, həmçinin Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin rəhbəri, sözügedən universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram, həmin kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri, Dr. Hafiz Məhəmməd Nayem, Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi və Urdu dili kafedrasının dəvət olunmuş məruzəçisi Məhəmməd Hammad Niyazi çıxış edərək Bakıda olmaqdan məmnunluqlarını dilə gətirib, Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri haqqında bir çox tədqiqatlar aparmaq niyyətində olduqlarını vurğulayıblar. O cümlədən dahi Azərbaycan şairi Nizaminin bir çox əsərləri ilə tanış olduqlarını söyləyib, görkəmli ədibin kitablarının yaxın gələcəkdə urdu dilinə tərcümə olunaraq nəşr ediləcəyini diqqətə çatdırıblar.
Daha sonra qonaqlar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.