Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.07.2022 13:00
  • A-
  • A
  • A+

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nizami Muzeyinin qonağı olub

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nizami Muzeyinin qonağı olub

Ölkəmizdə səfərdə olan Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk və urdu dili və ədəbiyyatı üzrə professor Sofiya Kuşk AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Alimləri müşayiət edən Tomiris Babanlı görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə məlumatları diqqətə çatdırıb, “Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, “Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Pənahəli xana məxsus, üzərində Quran ayələri həkk edilmiş “Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və başqa qiymətli eksponatlarla qonaqları tanış edib.

Qonaqlarla bərabər muzeyi ziyarət edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də öz təəssüratlarını bölüşərək vurğulayıb ki, muzey – yaddaş, tarix, mənəviyyat deməkdir. Bu muzey Azərbaycan xalqının mədəniyyət və ədəbiyyat yaddaşını yaşatmaqda və təbliğ etməkdədir.

Muzeyin qiymətli eksponatlarını – əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, miniatürləri, şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illustrasiyaları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”na yazıblar. “Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyi həqiqətən hər mənada valehedicidir. Muzey ədəbiyyatın və ədiblərin Azərbaycanın qurulmasına necə töhfə verdiyini əks etdirir. Bu muzeyin ifadə tərzi bütün elm sahələri üçün həqiqətən heyrətamizdir. Ədəbiyyat bəşəriyyət üçün sülh və insanlar arasında bərabərlik üçün yeganə aparıcı sahədir”, - deyə professor Yusuf Kuşk qeyd edib.

Sonda muzeyin baş direktoru, akademik Rafael Hüseynovun müəllifi olduğu “Məhsəti Gəncəvi” oçerkinin urdu dilində nəşr edilmiş nüsxəsi və muzeyin ekspozisiya zallarından fotoları və məlumatları özündə əks etdirən “Söz məbədi” kitabçası qonaqlara hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: