Azərbaycan Silahlı Qüvvələrinin mayoru Saleh Həsənov şəxsi əşyalarını (hərbi geyimi, Fəxri fərmanları, sertifikatları, diplomu, vəsiqələrinin surətləri və kompası) AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim edib.
Saleh Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. O, şəhid Dilbazi Qasımov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017-2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib.
Mayor Saleh Həsənov Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda düşmənə qarşı gedən döyüşlərdə iştirak edib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə S.Həsənova Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
S.Həsənov “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.