Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 10:48
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Qafqaz dağdağanının (Celtis caucasica Willd.) növü üzərində tədqiqat işi aparılıb

Dendrologiya İnstitutunda Qafqaz dağdağanının (Celtis caucasica Willd.) növü üzərində tədqiqat işi aparılıb

Dendrologiya İnstitutunun kolleksiyasında özünəməxsus yeri olan Qafqaz, Orta Asiya florasından olan Qafqaz dağdağanının (Celtis caucasica Willd.) üzərində elmi tədqiqat işi aparılıb.

Qafqaz dağdağanı növünün biomorfoloji xüsusiyyətləri öyrənilib. Meyvələrindən alınan yağ tədqiq edilib. Meyvələrindən alınan yağın fitokimyəvi tərkibi “Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə öyrənilib.

Qafqaz dağdağanı (Celtis caucasica Willd.) İranda, Əfqanıstanda, Orta Asiyada, Rusiyada, Qafqazda və o cümlədən Azərbaycanda yayılıb. Hündürlüyü 4-5 metrə çatan, çətiri kürə formalı, gövdəsinin qabığı hamar, boz rəngli ağacdır. Yarpaqları növbəli, sıx yerləşmiş, kənarları dişli və ya tamkənarlı, yumurtavari və ya yumurtavari-neştər formalı, uc tərəfdən qısa, sivri, uzunluğu 4-10 sm, eni 2,5-5 sm-ə qədərdir. Aprel ayında çiçəkləyir. Çiçəklər ikicinslidir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, yetişdikdən sonra ləzzətli və ətli olur. İstisevən, istiyə, quraqlığa, şaxtayadavamlı və torpaq münbitliyinə az tələbkar olan bitkidir. 

Dağdağanın budaq, yarpaq və meyvələri müalicəvi əhəmiyyətə malikdir. Bitki E və B qrupu vitaminləri ilə zəngindir. Tərkibində kalsium, natrium, maqnezium, fosfor, sink, manqan və s. minerallar vardır. Mədə ağrıları, böyrək qumlarının tökülməsi, yaraların sağalması, ayaq tərləməsi, sidikqovuçu, öskürək və bronxitin müalicəsində istifadə edilir. Yarpaqlarının dəmləməsini saça sürtdükdə parlaqlıq verir. Dağdağan ağrıkəsici, iştahartırıçı təsirə malikdir.

Aparılan elmi-tədqiqat işləri nəticəsində aydın olub ki, Qafqaz dağdağanı bitkisinə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirir. Uzunömürlü, dekorativ əlamətlərə və ekoloji amillərin davamlılığına malik olan dağdağan (Celtis L.) növlərindən meşəsalmada, yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında, xiyabanlarda, bağlarda, parklarda, tək və qrup əkinlərində istifadə olunması məqsədə uyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: