Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Azərbaycan elminin yeni intibah dövrü
19.08.2022 09:48
  • A-
  • A
  • A+

Azərbaycan elminin yeni intibah dövrü

Dövlət başçımızın imzaladığı Fərman bu baxımdan xüsusi önəm və əhəmiyyət kəsb edir.

Dünya elminin böyük uğurlara imza atdığı XX yüzilliyin əvvəllərində nüvə energetikası, radiolokasiya, televiziya, kompüter, səsdən sürətli aviasiya, polimerlər, lifli optika, tranzistorlar və inteqral mikrosxemlər, lazerlər, mobil rabitə və internet, raket-kosmik texnikası və s. yaradılmışdır. Bütün bunlar isə fundamental tətbiqi elmlərin nailiyyətləri sayəsində mümkün olmuşdur.

Dünyanın ayrılmaz tərkib hissəsi olan Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər böyük tərəqqi və inkişafa doğru inamla addımlayır. Bütün sahələrdə olduğu kimi, elm sferasında da dünya ilə ayaqlaşan inkişaf tempinə çatmaq dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən yazılarımızın birində biz Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mövcud vəziyyəti dəyərləndirməyə, əsas problemləri və onların həlli yollarını aramağa çalışmışdıq. Əlbəttə, bir qəzet yazısında bu sahədə bütün problemləri üzə çıxarmaq, təhlil etmək qeyri-mümkündür. Ancaq ilkin qənaətimiz belə idi - Azərbaycanda böyük elmi potensial var və dövlət tərəfindən elmi-tədqiqat işlərinin aparılması üçün zəruri şərait, kifayət qədər maddi-texniki baza yaradılıb. Əsas problemlərdən birinin isə idarəetmə ilə bağlı olduğunu yəqin etdik. Yəni AMEA-dakı idarəetmə üsulu çağdaş zəmanəmizin tələblərinə cavab vermir.

Məlum olduğu kimi, iyulun 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmana əsasən AMEA-nın bəzi elmi müəssisə və təşkilatları, habelə digər qurumları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilir. Bu isə o deməkdir ki, dövlət başçısının təşəbbüsü ilə artıq elm və təhsilin inteqrasiyalı inkişafına start verilmişdir. Sözügedən yenilik, şübhəsiz, bu sahədə aparılacaq mühüm islahatların başlanğıcıdır.

Cənab Prezidentin imzaladığı Fərmanın əhəmiyyəti, bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası, elmi potensialdan daha səmərəli istifadə yolları, elmi-tədqiqat fəaliyyəti, xüsusilə fundamental elmlərin inkişafı və s. bu kimi digər məsələlər barədə AMEA-nın məsul şəxslərindən bir neçəsi ilə həmsöhbət olduq. Mövzunun aktuallığını nəzərə alaraq akademiklərlə olan söhbətimizi oxucularımıza təqdim edirik.

–Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanında elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və mühüm struktur dəyişiklikləri yer almışdır. Bu barədə fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.

AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov:

–Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalamışdır. Sözügedən Fərmandan sonra alimlərimiz elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edəcəkdir. Fərman müasir şəraitdə respublikamız üçün strateji məzmun kəsb edən elm və təhsilin inkişafı, həmçinin bütövlükdə ölkənin sosial-iqtisadi tərəqqisi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İndi həm müasir dünyanın çağırışları, həm də ölkəmizin özünəməxsus inkişaf trendləri bir-biri ilə sıx bağlı olan elm və təhsil qarşısında tamamilə yeni vəzifələr müəyyənləşdirmişdir.

Hesab edirəm ki, Fərmanı bilavasitə həmin çağırış və trendlərə rezonans kimi də dəyərləndirmək olar. Hazırda biz elə bir dövrdə yaşayırıq ki, müxtəlif fəaliyyət sahələrinin elmtutumlu olması bəşəriyyət üçün xüsusi məzmun kəsb edir. Qloballaşma müasir sivilizasiyanın inkişafında universal qanunauyğunluq kimi təkcə dünyanın müxtəlif ölkələri, regionları və onların həyat fəaliyyətinin əsas formalarının (iqtisadiyyat, mədəniyyət, siyasət, hüquq, elm, səhiyyə, təhsil və s.) arasında inteqrasiya əlaqələrinin gücləndirilməsindən ibarət deyildir. İnteqrasiya prosesi müasir elmin və təhsilin mövcudluğuna əhəmiyyətli dərəcədə təsir göstərmiş, formalaşmış struktura və inkişaf qanunlarına malik olmaqla, cəmiyyətin dünyagörüşünü əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Dünyanın subyekti olan istənilən ölkənin elmi milli elmin sərhədlərini asanlıqla aşır. Bu sərhədlərin aradan qaldırılması dünya elminin uğurlu inkişafı və maliyyə təminatı baxımından zəruri şərtdir. Elmlərarası inteqrasiyanın beynəlxalq səviyyədə getdiyi müasir şəraitdə onun yaxın fəaliyyət sahələri arasında da müşahidə olunması tamamilə təbiidir və qanunauyğundur. XX əsrin sonunda insan cəmiyyətinin inkişafındakı irəliləyiş qloballaşmanın ortaya çıxmasına səbəb oldu. Qloballaşma elm və təhsil də daxil olmaqla insan həyatının bütün sahələrində qarşılıqlı əlaqələrin və asılılıqların gücləndirilməsinin obyektiv bir prosesidir. Qloballaşmanın elmə təsiri ilk növbədə, elmi-tədqiqat müəssisələri arasında beynəlxalq əlaqələrin inkişafı strategiyalarının və elmin keyfiyyətinin beynəlxalq standartlarının formalaşmasına, regional və bölgələrarası əməkdaşlığın genişlənməsinə, elmin informasiya və kommunikasiya texnologiyalarına əsaslanmasına, elm və təhsilin daha sıx yaxınlaşmasına gətirib çıxardı. Beynəlxalq səviyyədə gedən bu proseslərə cavab vermək üçün ilk növbədə, ölkədə elmin inkişafı (maliyyələşmə, təşkilati-idarəetmə, maddi-texniki baza) istiqamətində ciddi islahatların aparılması tələb olunur. Heç şübhəsiz, cənab Prezidentin Fərmanı bu islahatlara start verəcək.

Müasir şəraitdə elm, təhsil, kadr anlayışı cəmiyyət üçün tamamilə yeni məzmun kəsb edir. İndi hər bir cəmiyyətin inkişafı müasir standartlar səviyyəsində tələblərə cavab verən innovativ təfəkkürlü, yüksək mənəvi-əxlaqi keyfiyyətlər daşıyıcısı olan, ümumbəşəri dəyərlərə bağlı yeni kadrlardan bilavasitə asılıdır. Bu isə insan kapitalını formalaşdırmağa məsul fəaliyyət sahələri kimi elm və təhsilin yeni strukturda inteqrasiyasını zəruri edir. Əsas məqsədi təbiət və cəmiyyət haqqında yeni biliklər əldə etməyə yönəlmiş fundamental elmlərlə biliklərin ötürülməsi və mənimsədilməsi məqsədini daşıyan təhsilin vahid idarəetmə və əlaqələndirmə strukturunda birləşməsi həm yeni biliklərin yaranmasına, həm də elmi yeniliklərin daha çevik və sürətli mənimsənilməsinə, kütləviləşməsinə daha geniş şərait yaradır. Bu proses - elm və təhsilin bir-birini qarşılıqlı “qidalandırması” son nəticədə dayanıqlı inkişafın təmin edilməsi deməkdir. Müasir şəraitdə dayanıqlı inkişaf konsepsiyası üç əsas komponentdən ibarətdir - ekoloji, sosial və iqtisadi. Bu istiqamətlərin əsasında bəşəriyyətin təbii ehtiyaclarını biosferin təbii imkanları ilə uyğunlaşdırmaq prinsipi dayanır. Bu qanunauyğunluğu elm və təhsilə tətbiq etdikdə elmin kadr ehtiyacı ilə intellektual imkanlarının təhsilin yeni bilik ehtiyacı ilə kadr imkanlarının uyğunlaşdırılması modeli alınır. Bu, davamlı inkişaf formuludur. Biz hesab edirik ki, elm və təhsili vahid strukturda birləşdirməyə xidmət edən Fərman bu sahələrin davamlı inkişafının təmin edilməsində xüsusi rol oynayacaqdır.

Bilirsiniz ki, cənab Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq etmişdir. Olduqca fundamental bir sənəd olan Strategiyanın, necə deyərlər, hər sətri, hər cümləsi elm və təhsil qarşısında yeni vəzifələr müəyyənləşdirir. Hesab edirik ki, cənab Prezidentin Fərmanı ilə yeni inkişaf mərhələsinə qədəm qoyan elm və təhsil sahəsindəki islahatlar Strategiyada qarşıya qoyulan məqsədlərin daha çevik reallaşmasına öz müsbət təsirini göstərəcəkdir.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun direktoru, akademik İradə Hüseynova:

–Bildiyiniz kimi, müxtəlif qlobal və regional problemlərin, o cümlədən iqlim dəyişikliklərinin, hərbi, iqtisadi, bioloji və ekoloji təhlükələrin, ətraf mühitə antropogen təsirlərin intensivləşdiyi müasir dövrümüzdə yüksək elm və texnologiyalar həm bütövlükdə bəşəriyyətin, həm də ayrı-ayrı xalq və dövlətlərin dayanıqlı inkişafının, əhalinin rifahının, ərzaq və qida təhlükəsizliyinin əsas hərəkətverici qüvvələri sırasında ön yerlərdən birini tutur. Məlumdur ki, bəşəriyyətin həyat fəaliyyətinin heç bir sahəsi elmi biliklərin, texnika və texnologiyaların iştirakı olmadan tərəqqi edə bilməz.

Azərbaycan cəmiyyətinin və iqtisadiyyatının yüksək templə inkişafı, qlobal iqtisadi böhranlardan sağlam şəkildə yan keçə bilməyimiz, eləcə də Qarabağda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər məhz elm və texnologiyaların ən müasir nailiyyətlərinin mənimsənilməsi və tətbiqi, elmi əsaslı idarəçiliyin təmin edilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, Azərbaycanın müxtəlif istiqamətlər üzrə əldə etdiyi nailiyyətlər təhsildə və prioritet elm sahələrində də gözləniləndir.

Cəmiyyətdə və elmi dairələrdə aparılan müzakirələrdən, beynəlxalq elmmetrik göstəricilərin təhlilindən də göründüyü kimi, müxtəlif səbəblərdən Azərbaycan elmi üzərinə düşən vəzifələrin öhdəsindən kifayət qədər səmərəli gələ bilmir, elmi nailiyyətlər və onların tətbiqi dünyanın müasir çağırışlarına və dövrün fasiləsiz dəyişən tələblərinə sanballı cavab verə bilmir.

Bu gün elm və təhsil üzrə ölkədə daha dərin struktur, elmi-təşkilati və kadr islahatlarına, elmi fəaliyyətin idarə olunmasının optimal mexanizmlərinin tapılması və tətbiqinə, elm-təhsil-iqtisadiyyat zəncirinin real fəaliyyətinin təmin edilməsi baxımından ciddi tədbirlər görülməsinə ehtiyac yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanın imzalanması da bu ehtiyacdan irəli gəlmişdir.

Məlumdur ki, cənab Prezident Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərinin həllində göstərdiyi qətiyyətli və ədalətli, eyni zamanda düşünülmüş və uzaqgörən, ciddi elmi əsaslı araşdırmalara əsaslanan qərarları ilə hər zaman seçilmişdir. Ölkə başçısı bu dəfə də məsələlərə yetərli və vaxtında müdaxilə etmiş, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsinə imkan verən, bu istiqamətdəki fəaliyyətlərin gücləndirilməsinə münbit şərait yaradan Fərman imzalamışdır.

Fikrimcə, aparılan bütün təhlillər, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, Fərman vaxtında verilmiş qərarları əhatə edir və birmənalı olaraq dəstəklənməlidir. Cənab Prezidentin Azərbaycanda vətəndaş cəmiyyətinin, elm, yüksək texnologiyalar, təhsil, idman, mədəniyyət və s. sahələrin inkişafı, dövlətçiliyin və müstəqilliyin, milli təhlükəsizliyin təmin olunması ilə bağlı qəbul etdiyi hər bir qərarın, verdiyi hər bir sərəncamın nə qədər uğurla nəticələndiyi hər birimizin gözü qarşısında baş vermişdir.

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru,  akademik  Dilqəm Tağıyev:

–Dövlət başçımız cənab İlham Əliyev tam vaxtında, çox mükəmməl və olduqca lazımlı bir Fərman imzalamışdır. Biz bunu etiraf edirik və cənab Prezidentə təşəkkürümüzü bildiririk. Elm dayanmadan inkişaf edir və inkişaf etdikcə də yeni məsələlər ortaya çıxır. Bu gün elmin, xüsusilə də onun idarə edilməsinin modernləşdirilməsi, idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi çox vacib məsələlərdəndir. Və bu baxımdan, hesab edirəm ki, sözügedən Fərman elm və təhsilin daha dərin inteqrasiyasında, ümumiyyətlə Azərbaycanda həm elmin, həm də təhsilin inkişafında son dərəcə mühüm rol oynayacaq.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları  İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev:

–Ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılması elm və təhsilin müasir tələblər səviyyəsində təşkili baxımından böyük əhəmiyyətə malikdir. Məlum olduğu kimi, son illərdə Azərbaycanda elm və təhsilin inteqrasiyasına böyük dəstək göstərilir, dayanıqlı və tarazlı inkişafının təmin edilməsi, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə bir sıra dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardan biri də ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanıdır. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer almışdır.

Məlum olduğu kimi, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizin bütün sferalarında, o cümlədən elm və təhsil sahəsində ciddi islahatlar aparılır, elmin, texnologiyanın inkişafına, alimlərin nüfuzunun yüksəldilməsinə mühüm dəstək verilir. Müasir dövrdə ölkəmizdə elmin cəmiyyətdə statusunun müəyyən edilməsi, maliyyələşdirilməsi və koordinasiya olunması, o cümlədən Azərbaycanın elmə dair prioritetlərinin müəyyənləşdirilməsi, yüksək texnologiyalar cəmiyyətinin formalaşdırılması mühüm istiqamətlər sırasında yer almışdır. Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası üçün onların nüfuzlu beynəlxalq elmi bazalara (WoS, SCOPUS və s.) çıxışının təmin olunması məsələsinin ölkə səviyyəsində, dövlət büdcəsi çərçivəsində həll olunması, məqalələri nüfuzlu beynəlxalq elmi bazalara daxil edilmiş alimlərin əməyinin stimullaşdırılması, elmin təşkili, idarə olunması və koordinasiyasının təkmilləşdirilməsi kimi bir sıra mühüm problemlər idarəetmə sistemində infrastrukturun optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklərin aparılmasını zəruri edirdi. Qeyd olunan məsələlər nəzərə alınaraq elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edildi.

Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetləri istiqamətində verdiyi tapşırıqların reallaşdırılmasına xidmət edən bu Fərman istər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Fərman cəmiyyətin və dövlətin inkişafının fundamental əsaslarından biri kimi elmin rolu və əhəmiyyətinin yeni yanaşmalar və çağırışlar baxımından dərk olunması üçün böyük imkanlar yaradacaq.

Fərmanın icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün elmi fəaliyyət sahəsində struktur islahatları, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və s. sahələrdə köklü və konseptual islahatların aparılması kimi prioritetlər müəyyənləşdirilib.

BDU Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin üzvü,  akademik  Fikrət Əliyev:

–Dövlət başçımızın bu Fərmanı Azərbaycan elminin inkişafına, təhsillə birgə fəaliyyət göstərməsinə yönəlib və müasir dövr baxımından olduqca mühüm bir sənəddir.

Onu deməliyəm ki, Azərbaycanda həmişə istedadlı elm adamları olub. Həyata keçirilən elmi araşdırmalar respublikamızın iqtisadi inkişafına hər zaman müəyyən töhfələr verib. Məsələn, elmi-tədqiqat institutlarının tərkibində konstruktor büroları var idi. Onlardan Riyaziyyat-Mexanika, Fizika institutlarının nəzdində fəaliyyət göstərən büroları qeyd edə bilərəm. Həmin konstruktor bürolarında əldə olunan elmi nailiyyətlər birbaşa praktiki işdə tətbiq edilir, onların fəaliyyətindən böyük məbləğdə gəlirlər əldə olunurdu. Lakin ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Azərbaycanda bərbad siyasi rəhbərliyin olması həmin büroların fəaliyyətinin tədricən dayandırılmasına, yekunda isə ümumiyyətlə dağılmasına gətirib çıxarmışdı. Çünki respublikamızın səriştəsiz rəhbərləri bütün sahələrdə olduğu kimi, elm sahəsində də dağıdıcı fəaliyyət göstərirdi. Ancaq ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, elm sahəsində də əvvəllər əldə olunmuş nailiyyətləri qoruyub saxlamağa və daha da inkişaf etdirməyə şərait yaradıldı. Məhz ulu öndərimizin tövsiyəsi ilə 2001-ci ildə, yəni 12 illik fasilədən sonra Akademiyada seçkilər keçirildi və milli elmimizə yeni, cavan kadrların gəlməsi təmin olundu. Bu da həm Akademiyanın özünə, həm də elmə yeni nəfəs, canlanma gətirdi.

Ümummilli lider Heydər Əliyev 2003-cü ilin əvvəlində demişdir ki, dünya elminə töhfə və fayda verə biləcək əsas elmi-tədqiqat işləri ölkəmizdə də aparılmalı, elmin əsas istiqamətləri Azərbaycanın iqtisadiyyatında tətbiq olunmalıdır. Bu gün Prezident cənab İlham Əliyevin imzaladığı Fərmandan sonra bizə - elm adamlarına ulu öndərin müdrik kəlamından, dövlət başçımızın imzaladığı Fərmandan irəli gələn vəzifələri layiqincə yerinə yetirmək qalır.

–Yəqin ki, yeni mərhələdə elm sahəsinin modernləşdirilməsində ənənə ilə innovativliyin vəhdəti nəzərə alınacaq...

Akademik Arif Həşimov:

–Azərbaycanda elmi biliklərin qədim və zəngin ənənələri vardır. Onun son yüz ilə yaxın müddət ərzindəki inkişafı isə regionda baş verən ictimai-siyasi proseslərin, o cümlədən sosial-mədəni hadisələrin təsiri ilə bilavasitə akademik elmi qurumlar daxilində baş vermişdir. Azərbaycanda akademik elm öz inkişafının bütün mərhələlərində respublikanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafında olduqca mühüm rol oynamışdır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı elə bir sahə göstərmək mümkün deyil ki, akademik elm o sahəyə öz töhfəsini verməmiş olsun. Bu, həm təbiət və texnika elmlərinə, həm də ictimai və humanitar elmlərə aiddir. Əgər təbiət və texnika sahəsindəki fundamental elmi araşdırmalar respublikada iqtisadiyyatın inkişafına, kənd təsərrüfatının elmi əsaslarla formalaşmasına, sənayenin modernləşməsinə, zəngin yeraltı və yerüstü sərvətlərimizin tədqiqinə səbəb olmuşdursa, ictimai və humanitar sahələrdəki araşdırmalar isə milli-mənəvi dəyərlərimizin, tariximizin, dilimizin, zəngin mədəniyyətimizin peşəkar elmi meyar və prinsiplər əsasında tədqiqinə və təbliğinə rəvac vermişdir. Bu isə son nəticədə sovet hakimiyyəti illərində milli varlığımızın qorunmasında müstəsna rol oynamışdır.

Prezident İlham Əliyev “2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya” təsdiq etmişdir. Elmin inkişafı üzrə Milli Strategiya müasir mərhələdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişaf dinamikası ilə şərtlənərək meydana gələn, qədim və zəngin ənənələrə malik Azərbaycan elminin müasir tələblər baxımından təşkilində mühüm rol oynayan rəsmi dövlət sənədidir. Bu dövlət sənədinin işlənib hazırlanması və qəbulu zərurəti ölkəmizin müstəqillik mərhələsindəki sosial-siyasi və mədəni-mənəvi inkişafı ilə bilavasitə bağlıdır. 2008-ci ildən cənab Prezident Azərbaycanın modernləşməsinin yeni mərhələsini həyata keçirməyə başladı. Bu mərhələni intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması kimi xarakterizə etmək mümkündür. Elmin inkişafı üzrə Milli Strategiyanın işlənib hazırlanması ölkədə baş verən məhz bu proseslərin məntiqi nəticəsi kimi ortaya çıxdı.

Artıq 2008-ci ildən sonra yalnız elm, təhsil, mədəniyyət sferasında deyil, bütövlükdə respublikanın sosial-iqtisadi inkişafı baxımından əhəmiyyət daşıyan bütün sahələrin yüksəlişi üzrə konkret Dövlət proqramları qəbul edilməyə başlandı.

Akademik Dilqəm Tağıyev:

–Təhsil sistemində də, Akademiyada da kifayət qədər potensial var, ancaq etiraf etməliyəm ki, bununla bağlı vəziyyət hazırda bizi qane etmir. Çünki söhbət ondan gedir ki, bütün MDB ölkələrində olduğu kimi, Azərbaycanda da ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəlində elm böyük çətinliklərlə üz-üzə qaldı. Ümumiyyətlə, cəmiyyətimizin rastlaşdığı ağır sosial-iqtisadi böhran, Qarabağ müharibəsi, o vaxtkı siyasi rəhbərliyin səriştəsizliyi elmdə dərin tənəzzül proseslərinin başlanılmasına səbəb oldu. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən respublikada ali hakimiyyətə qayıdışından sonra bütün sferalarda olduğu kimi, elm sahəsi də bərpa dövrünə qədəm qoydu. Yalnız bundan sonra inkişaf başladı. Ancaq bu illər ərzində dünya elmi bir yerdə dayanmır, inkişaf etməkdə davam edirdi. Əlbəttə, bütün bunlar Akademiyanın geri qalmasına öz təsirini göstərirdi.

Akademik Rasim Əliquliyev:

–Etiraf etməliyik ki, cəmiyyətimizin inkişafının yeni mərhələsində elmin, təhsilin, texnologiyaların, innovasiyaların qarşılıqlı inteqrasiyası proseslərinin kompleks idarə olunması üçün yeni təkmil modellərin tətbiqi zərurəti yaranmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, həyata keçirilən təşkilati dəyişikliklər, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi idarəetmədə, koordinasiyada yeni yanaşmaların tətbiqinə hesablanmışdır.

Hesab edirəm ki, qeyd olunan reallıqlar kontekstində dəqiq və təbiət elmləri ilə məşğul olan alimlər qarşısında Azərbaycan elminin strukturunun ölkə maraqlarına uyğun olaraq çevik və məhsuldar təşkilati formalarda yenidən təşkili kimi çox ciddi vəzifələr dayanmışdır.

Akademik Fikrət Əliyev:

–2000-ci illərin əvvəlində mən və mənimlə birgə bir neçə həmkarım böyük alim və ictimai xadim, akademik Cəlal Əliyevin qəbulunda olduq. Cəlal müəllim bizə çox əhəmiyyətli məsləhətlər verdi, fəaliyyətimizi istiqamətləndirdi, həmçinin qeyd etdi ki, elmi-tədqiqatların aparılmasında elmi jurnalların xüsusi rolu var. Onun başlıca tövsiyələrindən biri də yeni elmi jurnalların yaradılması, yaxud mövcud olanların dünyada tanıdılması, beynəlxalq reytinqli jurnallar sırasına daxil edilməsi, dünya səviyyəsinə yüksəldilməsi idi. Və mən bir neçə həmkarımla qısa müddət ərzində yeni jurnal yarada bildik. Yeddi ildən sonra Cəlal müəllimlə görüşümüz oldu və hörmətli akademik soruşdu: “Deyin görüm, bu müddət ərzində elm üçün nə etmisiniz?”. Həmin görüş ərəfəsində də bizim, yəni müstəqil Azərbaycanın, ilk elmi jurnalı “Web of Science” bazasına daxil olmuşdur. Cəlal Əliyev bunu çox müsbət qarşıladı, məni və həmkarlarımı təbrik etdi, fəaliyyətimizi məhz belə davam etdirməyimizin vacibliyini vurğuladı.

Əgər biz dünya elminə inteqrasiya etmək, öz milli elmimizi xarici ölkələrdə tanıtmaq, beynəlxalq elm ictimaiyyətini cəlb etmək istəyiriksə, mütləq reytinqli jurnallarımız olmalıdır. Məsələn, “Tətbiqi və hesablama riyaziyyatı” jurnalında dünyada tanınmış alimlərin çoxlu sayda məqalələri çap olunur. Bu isə o deməkdir ki, təkcə jurnalımız deyil, həm də elmimiz dünya elmi ictimaiyyət tərəfindən qəbul olunur. Jurnalımız dünyanın 267 jurnalı arasında reytinqinə görə 4-cü, Avropada 3-cü, keçmiş sovetlər birliyi məkanında isə 1-ci yerdədir, “Q-1” siyahısına daxildir. Bu, dünyanın tanınmış alimlərinin diqqətinin Azərbaycana yönəlməsini göstərir. Qeyd edək ki, əgər ölkəmizin jurnalına dünya alimləri məqalə göndərirsə, deməli, elmimizi də qəbul edirlər. Bu, olduqca mühüm şərtdir. Biz işlərimizi müasir istiqamətdə davam etdirir, daha da mükəmməlləşdiririk. Hazırda səkkiz jurnal “Web of Science” siyahısına daxil edilmişdir ki, onlardan ikisi real siyahıdır, digərləri isə çapda olan jurnallardır.

Yeri gəlmişkən, “İdarəetmə və optimizasiyanın sənaye tətbiqləri” adlı 24-26 avqustda keçiriləcək sayca 8-ci beynəlxalq konfransa hazırlaşırıq. Bu konfransların Bakıda keçirilməsinin başlıca məqsədi elmi jurnallarımızın dünyada tanıdılması, “Web of Science” bazasında daha da möhkəmləndirilməsi, reytinq baxımından irəliləməsidir. Qeyd etməliyəm ki, 2018 və 2020-ci illərdə keçirilmiş konfransların materialları “Web of Science” bazasına daxil edilmişdir ki, bu da jurnallarımızın reytinqinin Cənubi Qafqazda birinci yerə çıxmasını təmin etmişdir. Əminəm ki, bu konfransın da materialları “Web of Science”da yer alacaq. Xaricdən ümumilikdə 180-ə yaxın nüfuzlu alim həm onlayn şəkildə, həm də birbaşa Bakıya gəlməklə qatılacaq. 300 məruzə təqdim ediləcək.

–Elm ocaqlarımızın bundan sonrakı fəaliyyətini necə görürsünüz?

Akademik Arif Həşimov:

–Elm ocaqlarımız əvvəllər olduğu kimi, bundan sonra da elmin bu və ya digər sahələrində fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsində öz fəaliyyətlərini davam etdirəcəklər. Elmi-tədqiqat müəssisələrinin hansı strukturda fəaliyyət göstərməsindən asılı olmayaraq, uzun illər ərzində formalaşmış akademik elmi potensial qorunub saxlanılacaq və daha da inkişaf etdiriləcək.

Hesab edirəm ki, müxtəlif Dövlət proqramları layihələrinin, konsepsiya və strategiyaların, işçi sənədlərinin, təşəbbüs və təkliflərin ekspertiza olunmasında elmi-tədqiqat institutlarımızın iştirakı daha da gücləndiriləcək. Bunun üçün onların olduqca güclü potensialı vardır.

Hazırda elmi fəaliyyət sahəsində qarşıda duran əsas problemlərdən biri elmi fəaliyyətin qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və beynəlxalq qiymətləndirmə meyarlarına uyğunlaşdırılmasıdır. Bu, olduqca ciddi və vacib bir məsələdir. Yaxın gələcəkdə bu istiqamətdə xüsusi konsepsiyanın hazırlanıb icra edilməsi məqsədəuyğundur.

Mühüm məsələlərdən biri də beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Elmin inkişafını yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdirmək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesini davam etdirmək əsas vəzifələrimizdən biri olmalı, bu sahədə konkret addımlar atılmalıdır. Belə ki, gələcəkdə Azərbaycan Diasporunun Beynəlxalq Elmi Şurasının təsis edilməsi və onun fəaliyyətinin təşkil edilməsi ilə bağlı təkliflərin işlənib hazırlanması məqsədəmüvafiq olardı. Beynəlxalq elmi əməkdaşlıqla bağlı digər bir mühüm istiqamət nüfuzlu beynəlxalq elmi nəşrlərə inteqrasiya sahəsində elmmetrik biliklərin dəyərləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsidir.

Əlbəttə, yeni mərhələdə elm ocaqlarımızın qa rşısında mühüm vəzifələr durur. Ümid edirəm ki, cənab Prezidentin Fərmanı ilə yeni inkişaf mərhələsinə qədəm qoyan elm və təhsil əvvəllər olduğu kimi, bundan sonra da müstəqil Azərbaycan dövlətinin hərtərəfli tərəqqisinə öz dəyərli töhfələrini verəcəkdir. Dövlət başçımızın bu Fərmanı bütün dövrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş elm olcaqlarının müasir mərhələdə yeni tərəqqi və inkişaf səviyyəsinə daxil olmasında mühüm rol oynayacaqdır. İndi çoxsaylı alimlərimiz, respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalı ordusu elmi-tədqiqat institutlarımızın modernləşməsi üçün Fərmanda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bütün səylərini birləşdirməlidirlər.

Akademik İradə Hüseynova:

–Müasir dövrün çağırışlarının və ölkədə gedən proseslərin fonunda elm ocaqlarımızda islahatlar davam etdirilməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş müəssisələrin mandatları, elmi bölmələrin əlaqələndirmə, monitorinq və ekspertiza kimi fəaliyyət istiqamətləri, respublika üzrə elmi-tədqiqat müəssisələri ilə informasiya mübadiləsinin, institutlara elmi-metodiki yardım göstərilməsinin mexanizmləri dəqiqləşdirilməlidir.

Bu gün Azərbaycan elmi yeni və daha dərin islahatlar və keçid dövrünə qədəm qoyur. Cənab Prezidentin Fərmanı ilə dünyanın aparıcı dövlətlərində mövcud olan sistemlərin ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən yeni tipli bir model - elm və təhsilin idarəetmə və əlaqələndirməsinin Azərbaycan modeli yaradılacaq və zamanla daha da təkmilləşdirilərək ölkəmizə şöhrət gətirəcəkdir.

Məlumdur ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun əsası olan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müxtəlif tədbirlərdə etdiyi çıxışlarda, verdiyi fərman və sərəncamlarda ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunması, xüsusən Azərbaycanın özünü ərzaqlıq buğda ilə ən azı 70-75 faiz təmin etməsi milli hədəflər kimi müəyyənləşdirilmişdir. İnamla qeyd edə bilərik ki, ölkədə mövcud olan elmi-texniki və texnoloji potensial bu yüksək hədəflərin əldə edilməsinə təminat verir. Qeyd edilən kontekstdə atılan siyasi addımlar sırasında "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanı xüsusi qeyd edilməlidir. Ölkədə həyati əhəmiyyət daşıyan problemlərin uzunmüddətli, davamlı və dayanıqlı həllinə nail olmaq üçün nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturu, orta və uzunmüddətli prioritetləri və inkişaf perspektivləri, bunların reallaşdırılması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələri müəyyənləşdirilməli, idarəetmə və koordinasiya sisteminin konturları yenidən işlənilməlidir.

Dövlətin və özəl sektorun sifarişləri əsasında dövrün yüksək tələblərinə cavab verən elmi mövzular, proqramlar əsasında iş aparılmalı, real nəticələrin əldə edilməsi üçün isə bu mövzular adekvat maliyyə resursları ilə təmin edilməli, maddi-texniki və texnoloji baza ən müasir və yüksək səviyyədə modernləşdirilməli, kadr hazırlığı gələcək ehtiyaclar da nəzərə alınmaqla gücləndirilməli, yüksəkixtisaslı, müasir biliklərə və dünyagörüşünə yiyələnmiş gənc alimlərin karyera inkişafı stimullaşdırılmalıdır. Bu mənada, elm, təhsil və istehsalatın ciddi inteqrasiyasına nail olunması, ali və orta ixtisas təhsili müəssisələrinin, elm mərkəzlərinin modernləşdirilməsi və təmərküzləşdirilməsi, tədqiqatçı bacarıqlarına, konkret ixtisaslar üzrə bilik və vərdişlərə malik kadrların hazırlanması, 4-cü Sənaye İnqilabının nailiyyətlərini ehtiva edən ən müasir avadanlıqların istifadəsi ilə toxuma kulturası, gen redaktəsi, molekulyar seleksiya, molekulyar biotexnologiya, genom və postgenom, nano-, bio- və rəqəmsal texnologiyaların tətbiqi üzrə tədqiqatların aparılması vacibdir.

Müvafiq elm və təhsil sahələrində ciddi struktur, optimal idarəetmə və əlaqələndirmə islahatlarının aparılması, inteqrasiya proseslərinin gücləndirilməsi, əlaqədar biologiya və aqrar elmlərin innovasiya potensialının reallaşdırılması, prioritet tədqiqat istiqamətləri üzrə baza, proqram məqsədli və müsabiqəli maliyyələşdirmənin optimal mexanizmlərinin tapılması və tətbiqi mühüm rol oynaya bilər.

Bu mənada, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı digər elm sahələrində olduğu kimi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd təsərrüfatı məhsulları idxalından asılılığının azaldılmasına yönəlmiş elmi istiqamətlərin də inkişafına real töhfələr verə biləcək tarixi hadisə, yuxarıda qoyulmuş bir sıra məsələlərin həlli istiqamətində irəliyə doğru atılmış inqilabi addımdır.

Akademik Dilqəm Tağıyev:

–Hesab edirəm ki, Akademiyanın və ali təhsil sisteminin birgə fəaliyyəti, onların koordinasiyası, ümumi layihələr üzərində birgə çalışması həm elmə, həm də təhsilə öz böyük töhfəsini verəcək. Çünki elm və təhsil, xüsusilə də ali təhsil hamımızın arzusunda olduğumuz inkişafın qoşa qanadıdır. Biri olmadan, digəri inkişaf edə bilməz. Onların bir vəhdət şəklində inkişaf etməsi və bununla bağlı verilən Fərman, mənə elə gəlir ki, respublikamızda elmin inkişafında, beləliklə də cəmiyyətimizin inkişafında, sosial-iqtisadi inkişafda çox mühüm rol oynayacaqdır.

Son vaxtlar müxtəlif universitetlərin, məsələn, Bakı Dövlət Universitetinin və bir neçə digər universitetin tələbələri bizim institutlarda, o cümlədən də rəhbərlik etdiyim institutda təcrübə keçirlər. Azərbaycan-Fransa Universitetinin magistrantları burada işləyirlər. Ondan əlavə, 40-dan artıq BDU tələbəsi təcrübə keçir. Bütün bunları daha yüksək səviyyəyə qaldırmaq vacib məsələdir. Tələbələri hətta orta və aşağı kurslardan bu işə cəlb etmək lazımdır. Beləliklə, bunları təmin edə bilsək, düşünürəm ki, gənc nəslin elmə həvəsi daha da artar.

Fundamental elmlərin elmi-tətbiqi yönümlülüyünün inkişaf etdirilməsinə gəlincə onu deməliyəm ki, Akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında kimya profilli rezidentlər bizə verdikləri sifarişlər əsasında hər il 2 milyon manatdan artıq dəyəri olan məhsul istehsal edirlər. Yəni bunlar təbii xarakterli işlərdir. Ondan başqa, elə işlər də var ki, hazırda birbaşa tətbiq olunmasa da, onların respublika iqtisadiyyatının inkişafı üçün konkret hədəfləri var. Məsələn, hidrotexniki qurğular. Bilirsiniz ki, su anbarlarının, su elektrik stansiyalarının tərkibində olan metal konstruksiyalar zaman keçdikcə korroziyaya uğrayır ki, bu da qəzalara səbəb olur. Həmin konstruksiyaların monitorinqinin aparılması, baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində tədqiqatların aparılmasına cənab Prezidentin Sərəncamı ilə investisiya fondundan xeyli maliyyə vəsaiti ayrılıb. Lazımi avadanlıqlar alınır, ölçülmələr aparılır, konstruksiyaları mühafizə etmək məqsədilə müvafiq üsullar hazırlanır. Yaxın gələcəkdə elm və təhsilin qarşılıqlı əlaqəsindən sonra bu işlər geniş tətbiq qazanmaqla böyük fayda verəcəkdir.

O cümlədən Müdafiə Sənayesi ilə birgə dövlətimiz üçün olduqca mühüm fundamental elmi-tədqiqat və tətbiqi işlər aparılır. Müasir kompüterlər üçün topoloji izolyatorlar və s. sahəsində elmi-tədqiqat işləri həyata keçirilir. Bu, ən qabaqcıl sahələrdən biridir. Qeyd etməliyəm ki, sözügedən istiqamət olduqca mühüm və perspektivlidir. Frensis Teylor akademik nəşriyyatda bir neçə il bundan öncə institutumuzun sanballı monoqrafiyası dərc edilmişdir. Deməliyəm ki, bu, kimya sahəsində belə nüfuzlu nəşriyyatda 1945-ci ildən çap olunan cəmi üçüncü məqalədir. Elm və sənayenin simbiozu istiqamətində çoxlu təkliflərimiz var. Belə qurumların yaradılmasını məqsədəuyğun hesab edirik. Onlar bilavasitə dövlətimizin, sənayemizin aparıcı müəssisələri tərəfindən verilən sifarişlər əsasında uğurla fəaliyyət göstərə bilər. Doğrudur, burada özəl və biznes sektorunun marağı böyük deyil, çünki onlar elmi-tədqiqatlara maliyyə ayırmırlar. Elm ocaqlarımız isə tədqiqatlar aparmadan özəl sektora birbaşa nəticə verə bilməz. Yəni əminliklə deyə bilərəm ki, yeni idarəçilik sistemində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə əlbəttə, çox sürətli artım əldə edə bilərik.

Akademik Rasim Əliquliyev:

–Bu gün ölkəmizdə baş verən inqilabi dəyişikliklərin nəticəsidir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymaq yolunda uğurla irəliləyir. Hazırda insan fəaliyyətinin müxtəlif sferalarında, istər dövlət, istər biznes sektorunda, istərsə də insanların şəxsi həyatında IV Sənaye İnqilabının elementləri müşahidə olunur. Məlum olduğu kimi, IV Sənaye İnqilabının təzahürü olan ağıllı infrastrukturların artıq ölkəmizdə - işğaldan azad olunmuş bölgələrimizdə geniş tətbiqinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, çağırışlarını rəhbər tutaraq işğaldan azad olunmuş ərazilərdə ekoloji və mədəni irs nümunələrinin vəziyyətinin təhlil olunması, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaqların minalardan təmizlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi, yaşıl enerjinin istehsalı, "ağıllı" yaşayış məntəqələri və infrastrukturun formalaşdırılması kimi bir sıra mühüm məsələlərin həllində, elmi problemlərinin araşdırılmasında, müəyyən tövsiyələrin verilməsində Azərbaycan alimləri də yaxından iştirak edirlər.

Fundamental elmlər üzrə qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində ölkəmizdə kifayət qədər işlər görülür, ölkə alimləri bu işlərdə hər zaman yaxından iştirak edirlər. Xüsusilə qeyd etmək istərdim ki, nüfuzlu Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına 8 azərbaycanlı alimin adının daxil edilməsi ölkəmiz üçün əhəmiyyətli göstəricidir. Hazırda ölkəmizdə intellektual insan resurslarının formalaşmasına, əmək bazarında yer alan, müasir dövrün qlobal çağırışlarına cavab verən və IV Sənaye İnqilabının təsiri ilə formalaşmaqda olan yeni ixtisaslar və bilik sahələri üzrə gənc kadrların hazırlanmasına, xarici elm və təhsil müəssisələri ilə birgə tədqiqatların aparılmasına, beynəlxalq səviyyədə rəqabətədavamlılığın yüksəldilməsinə böyük önəm verilir, xüsusi Dövlət proqramları qəbul olunur. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elm ocaqları da bu istiqamətdə fəaliyyət göstərirlər. Digər tərəfdən, bu institutların dünya bazarında baş verən yenilikləri anlamaq, bu yenilikləri Azərbaycana transfer etmək, bu istiqamətdə peşəkar kadrlar yetişdirmək və onların tədris fəaliyyəti ilə məşğul olmasını, eləcə də təhsil sistemini yeni biliklərlə təmin etməsini təşkil etmək kimi funksiyaları yerinə yetirməsi nəzərdə tutulub. Başqa sözlə, alimlərimizin qarşısında fundamental elmlərdən “qidalanmaq” və bu elmlərə öz töhfələrini vermək, nəzəri tədqiqatlar aparmaq, eyni zamanda, qabaqcıl bilikləri Azərbaycana gətirməklə təhsildə və təcrübədə bu biliklərin tətbiqinə nail olmaq kimi mühüm vəzifələr qoyulmuşdur.

Akademik Fikrət Əliyev:

–Nəzərə almalıyıq ki, elmlə kommersiya arasında böyük fərqlər var. Elmdə əldə olunan nəticələr həmən tətbiq olunmaya bilər. Ancaq kommersiya tam fərqlidir. Misal üçün, bir giroskop, yaxud ona oxşar bir cihaz düzəldilir, tətbiq edilir və gəlir gətirməyə başlayır. Elmdə isə, ilk növbədə, nəzəriyyə hazırlanmalı, sonra kompüter reallaşdırılması yerinə yetirilməli, növbəti mərhələdə praktiki tətbiqi üçün simulyasiya həll edilməlidir.

Bu gün elmi-tədqiqat institutlarımız qarşısında dayanan əsas məsələ elə elmi nəticələrin əldə olunmasıdır ki, onları praktikada tətbiq etmək mümkün olsun. Yəni əldə olunan nəticələr ictimailəşdiriləndə, onların reklamı veriləndə istər dövlət qurumları, istərsə də özəl strukturlar onların əldə olunmasında və öz fəaliyyətlərində tətbiq edilməsində maraqlı olsunlar. Belə nəticələri təmin etmək üçün isə ilk növbədə, prioritetlər düzgün müəyyən olunmalıdır. Bunun üçün də qlobal baxımdan Azərbaycan elminin prioritetləri müəyyənləşdirilməli və bundan sonra hər bir elm sahəsi üzrə bu proses davam etdirilməlidir. Biz milli elmimizin əsas istiqamətlərini və potensialını üzə çıxarmalıyıq. Ancaq bunlardan sonra tədqiqat işləri yerinə yetirilə bilər. Bunu reallaşdırmaq üçün kifayət qədər potensial mövcuddur. Bir faktı da qeyd edim ki, 2021-ci ildə Azərbaycan elminin dünya elminə verdiyi töhfələrin 48 faizi Akademiyanın, qalan 52 faizi isə sahəvi elmi-tədqiqat institutların payına düşürdü. Yəni Azərbaycanda kifayət qədər elmi potensial var, bundan düzgün və səmərəli istifadə olunmalıdır.

Hörmətli elm adamlarımızın fikirlərindən aydın olur ki, Azərbaycanda elm və təhsilin vəhdətinin ölkəmizin gələcək inkişafına töhfə verəcəyini əminliklə söyləmək olar. Şübhəsiz, Prezident cənab İlham Əliyevin məlum Fərmanı milli elmimizin potensialından universitetlərin elmi gücünün artırılmasında istifadə olunmasının müsbət nəticələrinə hesablanıb. Əlbəttə, yeni struktur sistemi dünyanın ən yüksək standartlarına uyğunlaşdırılmalıdır. Tələbə və müəllimlər müasir, yaxşı təchiz olunmuş laboratoriya və kitabxanalara çıxış əldə etmək imkanı qazanacaqlar. Qeyd edək ki, dünya təcrübəsində universitetlərin nəzdində elmi-tədqiqat institutları ilə yanaşı, dövlət tərəfindən maliyyələşdirilən müstəqil tədqiqat institutları da fəaliyyət göstərir. Fundamental elmlər dövlət dəstəyi olmadan mövcud ola bilməz. Azərbaycanda elmi-tədqiqat və təhsilə dövlətin hərtərəfli dəstəyi mühüm əhəmiyyət kəsb edir. Bu, dövlətimizin elmə verdiyi dəyərin ifadəsidir və bundan sonra da davam edəcək.

Dövlət başçısı cənab İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində respublikamızın bütün sahələrində islahatların aparılmasının vacibliyini qeyd etmişdir. Son 4 ilə yaxın dövrdə aparılan köklü islahatlara, idarəetmədə təkmilləşməyə, bunların nəticəsində əldə olunan inkişafa diqqət yetirmək kifayətdir ki, cənab Prezidentimizin bu istiqamətdə atdığı addımların nə dərəcədə mühüm olduğuna əmin olaq. Dövlət başçımızın elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə 28 iyul 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı da ölkəmizdə həyata keçirilən islahatlar kursunun mühüm tərkib hissəsidir.

Bəli, Azərbaycanda elmin təşkilində islahatlar vacib və labüd idi. Burada elm və təhsilin inteqrasiyası əsas həlqədir. Dünyada elmin, xüsusilə də fundamental elmin inkişafı daha çox universitetlərə bağlı olduğundan Azərbaycanda elm və təhsil siyasətinin birgə əlaqələndirilməsi təqdirəlayiqdir. Çünki elm ilə ali təhsilin inteqrasiyası zamanın tələbidir. Bundan alimlərimiz də, ölkə ictimaiyyəti də məmnundur. Əlbəttə, asan olmayacaq. Fərman həm başlanğıc, həm də bu yolda vaxtında yandırılan yaşıl işıqdır. Yolu uğurla qət etmək isə elm adamları ilə inzibati qurumların bu birliyə nə dərəcədə hazır olduqlarından asılı olacaq.

“Respublika” qəzeti

  • Paylaş: