AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov “Cənub-Şərq dağlıq ərazilərinin Antik dövr abidələrinin tədqiqi ekspedisiyası”nın Lerik rayonu ərazisində aparılan arxeoloji tədqiqat işləri və Lerik rayon tarix-diyarşünaslıq muzeyində nümayiş olunan eksponatlarla tanış olub.
Abbas Seyidov ilk olaraq Ceyhun Eminlinin rəhbərliyi ilə 2012-2018 ci illər ərzində Gürdəsər kəndi ərazisində Antik dövr qəbirstanlığında arxeoloji tədqiqatlar aparılmış Piboz abidəsi ilə tanış olub.
Sonra baş direktor ekspedisiyanın hal-hazırda fəaliyyət göstərdiyi Boykəndil kəndində Xımbapocə küp qəbirlər məzarlığına səfər edib. Hazırda burada aparılan tədqiqatlar nəticəsində ekspedisiya tərəfindən 12 küp qəbir aşkar edilərək öyrənilir. Eramızın I-III əsrlərinə aid olan bu qəbirlər dəniz səviyyəsindən 700 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. Müxtəlif ölçülü küp qəbirlərdə əsasən uşaq dəfnlərinə təsadüf edilir. Arxeoloji qazıntılar davam edir.
Qeyd edək ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ilə yanaşı, ekspedisiyanın tərkibində Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin tədqiqatçıları da fəaliyyət göstərirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.