Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

02.09.2022 12:40
  • A-
  • A
  • A+

Professor Adil Əliyev: “Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik”

Professor Adil Əliyev: “Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik”

Bu günlərdə görkəmli neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Adil Əliyevin 92 yaşı tamam olur.

Adil Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.

Alimin rəhbərliyi ilə Elmin İnkişafı Fondu xətti üzrə dəyəri 1 milyon manat məbləğində olan “Azərbaycan nefti” adlı 2 illik pilot qrant layihəsi alınıb. Onun rəhbərlik etdiyi Palçıq vulkanizmi şöbəsi tərəfindən turizm ili ilə əlaqədar dövlət proqramına əsasən, “Azərbaycanın palçıq vulkanları” adlı bələdçi kitabçası, buklet və 3 turist marşrutu üçün palçıq vulkanlarının pasportları hazırlanıb.

Yorulmaz iş qabiliyyəti, hüdudsuz erudisiyası və yüksək insani keyfiyyətləri ona həmkarlarının və davamçılarının təqdirəlayiq və tükənməz hörmətini qazandırıb. Görkəmli alimin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.

Ömrünün böyük bir qismini geologiya elminin problemlərinin tədqiqinə həsr etmiş Adil Əliyevin doğum günü ərəfəsində görkəmli alimimizlə apardığımız müsahibəni təqdim edirik:

- Adil müəllim, ilk olaraq Sizi 92 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə geologiya elmimizin inkişafında yeni uğurlar, möhkəm can sağlığı arzu edirik! Adil müəllim, bilirik ki, elmi fəaliyyətinizdə palçıq vulkanlarının tədqiqi əsas yer tutur. Bu sahədə elmi məktəb yaratmış alimlərimizdənsiniz. İstərdik əvvəlcə bu istiqamətdə əldə etdiyiniz uğurlardan bəhs edəsiniz.

- İlk olaraq, elmi, elmi-təşkilat fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə sizə təşəkkürümü bildirirəm.

Əvvəlcə qeyd etmək istərdim ki, hələ tələbə olarkən elmi-tədqiqat işlərinə böyük maraq və meyil göstərərək birinci kursdan, 1950-ci ildən Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda çalışmış, çöl ekspedisiyası işlərində, həmçinin akademik Şəfayət Mehdiyevin rəhbərliyi altında Neft yataqlarının geokimyası laboratoriyasının tədqiqatlarında fəal iştirak etmişəm. Universitetdə oxuyarkən “Tərtər çayının yuxarılarının geoloji quruluşu”na həsr edilmiş elmi-tədqiqat diplom işinə görə keçmiş SSRİ Ali Təhsil Nazirliyinin tərif fərmanı ilə təltif olunmuşam. 20 ildən artıq (1960-1983) müddətdə əsas elmi tədqiqatlarla yanaşı, ölkə ərazisinin geoloji quruluşunun öyrənilməsi üzrə komissiyanın elmi katibi olmuş və Azərbaycana aid 42 saylı cildin hazırlanmasında yaxından iştirak etmişəm. Bu illər ərzində Azərbaycanın geoloji öyrənilmə tarixinin müxtəlif mərhələləri üzrə 10-dan çox kitab nəşr olunmuşdur.

Namizədlik dissertasiyamı müdafiə etdikdən sonra gənc mütəxəssis kimi uzun illər geologiya elminin bir neçə istiqaməti üzrə (məsələn, neft və qazın geologiyası, üzvi geokimya, palçıq vulkanizmi, Azərbaycanın geologiya elminin tarixinin öyrənilməsi və s.) fəaliyyət göstərmişəm. 

Sizin sualınıza cavab olaraq, respublikada ilk dəfə görülən elmi və elmi-praktiki əhəmiyyətli işlərimin bəziləri barədə məlumat vermək istərdim.

1981-1985-ci illərdə tibb elmləri doktoru Fəridə Əfəndiyeva ilə birgə apardığımız elmi tədqiqatlara əsasən, vulkan palçığı Azərbaycan Səhiyyə Nazirliyinin sərəncamı ilə Bakının 15 poliklinikasında və bəzi pansionatlarda müalicə üçün istifadə olunub. Qeyd edim ki, əvvəllər Masazır gölünün palçığı bu məqsədlə işlənirdi.

1983-cü ildə sönmüş sualtı palçıq vulkanları axtarışı üsulunun metodikası işlənilib və 1985-ci ildə Xəzərin kəşfiyyat sahələrində uğurla tətbiq edilib.

Bir neçə yeniliklər 90-cı illərlə bağlıdır, bunlardan ikisini qeyd etmək istərdim.

Vulkan fəaliyyətinin aktivləşməsinin zəif zəlzələlərin baş verməsini əvvəlcədən xəbər verdiyi müəyyən edilib. Bunun səbəbi, yer səthinə çıxan qazların tərkibində CO2, He-mun, sularda borun yüksək faizinin olmasıdır. Bu məsələ sonrakı tədqiqatlarda (1996-2006) da öz təsdiqini tapmışdır.

Palçıq vulkanlarının əmələgəlmə şəraitinin cavan kaynazoy molass çökəklərində gedən proseslərlə əlaqəsini, palçıq vulkanizminin təzahüründə neft-qaz törədən Paleogen-Miosen süxurlarının rolunu və qədim mezazoy çöküntülərinin bu prosesdə iştirak etməməsini müəyyən etmişəm. İlk dəfə irəli sürülən bu fikirlər 2015-ci ildə tərtib etdiyimiz “Dünya palçıq vulkanları” atlasında əksini tapmışdır.

2001-ci ildə Bakı-Tblisi-Ceyhan neft kəmərinin palçıq vulkanları olan ərazidən keçən yolu mənim təklifimlə qəbul olunub. Bu münasibətlə “BP” şirkətinin sertifikatına da layiq görülmüşəm. 2001-ci ildən vulkan məhsulu olan yanar şistlər də tədqiqat obyektimiz olub, onların geokimyası, mineralogiyası, mənşəyi indiyə kimi ətraflı öyrənilir.

2003-cü ildə palçıq vulkanlarının morfogenetik təsnifatı işlənilib, iki genetik əlaqəli vulkan və təzahür vəhdətləri, eləcə də onların bollu neft çıxaran müxtəlif formaları ayrılmışdır.

- Ötən illər ərzində bir sıra beynəlxalq elmi layihələrə, ekspedisiyalara və s. rəhbərlik etmisiniz. Azərbaycanın palçıq vulkanlarının öyrənilməsi ilə əlaqədar dünyanın hansı qabaqcıl elmi mərkəzləri ilə birgə fəaliyyət göstərmisiniz?

- 90-cı illərdən başlayaraq mən və institutumuzun bir qrup əməkdaşı Böyük Britaniyanın, Norveçin, ABŞ-ın, “BP” və “Statoil” (1992-1993), “Geochem qrup” (1994), “Amoco” və “Exxon” (1998) aparıcı neft şirkətlərinin alim və mütəxəssisləri ilə birgə Azərbaycanın palçıq vulkanları və neft-qaz geologiyasının problemləri ilə bağlı elmi tədqiqatlar aparmışıq. Bu istiqamətdə mühüm elmi nəticələr əldə olunub, onlardan birini qeyd etmək istərdim.

İlk dəfə vulkanların yer səthinə çıxardığı neftin dərinliklə əlaqəsi müəyyən edilib və onun tərkibi ətraflı öyrənilib.

2001-ci ildə “BP” şirkəti ilə tədqiqatlar davam etdirilib, bundan başqa, İtaliya (2006) və Almaniya (2007-2009) mütəxəssisləri ilə Qobustanın aktiv fəaliyyətli Daşgil vulkanında monitorinq işləri təşkil olunub, distansion zondlama sisteminin köməyi ilə metan qazının atmosferə çıxarılması (İtaliya), real fakt miqyasında vulkanın aktivləşməsi (Almaniya) məsələləri müəyyən edilib. 2010-cu ildən xarici ölkələrlə beynəlxalq elmi əlaqələr bir qədər də genişlənib, palçıq vulkanizmi problemi üzrə Rusiya, Ukrayna, Fransa alimləri ilə birgə müxtəlif istiqamətlərdə tədqiqatlar aparılıb.

Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Müasir geodinamika, flüid rejimi və Qafqazın neft-qazlılığı” mövzusunda, Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası, Geoekologiya və Çökmə Filiz Əmələgəlmə Problemləri Mərkəzi ilə “Qara, Aralıq və Xəzər dənizlərinin palçıq vulkanlarının müqayisəli təhlili” mövzusunda tədqiqatlar aparılıb, həmçinin fransalı geofiziklərlə Azərbaycanın müxtəlif formologiyalı iri palçıq vulkanlarının geoloji, fiziki-kimyəvi amillərin təsirindən formalaşması məsələləri öyrənilib.

Bu istiqamətdə işlər hazırda Ukrayna alimləri ilə birgə davam etdirilməkdədir. 2018-ci ildən biz onlarla Azərbaycanın palçıq vulkanlarının fosil minerallarını və son 4 ildə sopka brekçiyasının (vulkanın çıxardığı palçıq) aksessor minerallaşmasını ən müasir cihazlarla tədqiq edirik. Bu tədqiqatlar Azərbaycanda ilk dəfə olaraq görülməkdədir və bu yeni istiqamət üzrə mühüm elmi nəticələr əldə edilmişdir.

- Məlum olduğu kimi, rəhbərliyiniz altında dünyanın geologiya elmində misilsiz töhfə kimi dəyərləndirilən və ilk dəfə olaraq Azərbaycan alimlərinin təşəbbüsü ilə ərsəyə gətirilən “Dünya palçıq vulkanları” atlası ərsəyə gəlib. Bir qədər də bu barədə məlumat verərdiniz.

- Azərbaycan palçıq vulkanları diyarıdır, onların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada ölkəmizə oxşar ərazi yoxdur. Uzun illər mətbuatda, xüsusilə xarici məqalələrdə müxtəlif rəqəmlər göstərilib, əvvəllər dünyada 800-900, sonralar 3000-ə qədər, ya daha çox palçıq vulkanının olduğu düşünülürdü.

2001-ci ildə “BP” ilə birgə tədqiqatlar aparılan zaman biz dünya palçıq vulkanlarının məlumat bankını hazırladıq. 2009-cu ildə atlasın tərtib olunması qərarı alındı və 1 il sonra işlərə başlanıldı, 500-ə yaxın xaricdə işıq üzü görmüş məqalələr tərcümə olundu. 2015-ci ildə Atlas böyük həcmdə (300 səh.), ayrıca Azərbaycan, ingilis və rus dillərində nəşr olundu.

Məlumat üçün qeyd edim ki, 70-ci illərdə keçmiş SSRİ-nin digər respublikalarının palçıq vulkanlarını öyrəndikdən sonra qərara gəldim ki, Rusiya və Gürcüstanda olduğu kimi, Azərbaycanda da vulkan palçığından istifadə olunsun. Kurortologiya Elmi-Tədqiqat İnstitutunda (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) bu məsələ müzakirə olundu. Bir neçə palçıq vulkanının geokimyəvi xüsusiyyətləri, bioloji aktiv maddələri öyrənildi. Sonrakı illərdə də tədqiqatlar aparıldı və 10 xəstəliyin müalicəsində palçıq vulkanından istifadə oluna biləcəyi müəyyən edildi. Bu barədə “Dünya palçıq vulkanları”  atlasında ətraflı məlumat verilib.

Atlasda palçıq vulkanlarına aid indiyə kimi görülən elmi tədqiqatların nəticələri əks olunub. Atlas hazırlanarkən məlum olub ki, dünyanın 42 ölkəsində 2500 palçıq vulkanı var, onun 353-ü Şərqi Azərbaycanda quruda və Cənubi Xəzərin qərbində (154) inkişaf tapmışdır.

- Azərbaycanda palçıq vulkanlarının mühafizə olunması və bu geoloji irsin gələcək nəsillərə təbiətin əmanəti kimi çatdırılması üçün nə kimi işlər görülür?

- 1993-cü ildə mətbuatda (“Bakı”, 19 yanvar, “Вышка”, 30 yanvar) palçıq vulkanlarının qorunmasının vacibliyi təklifi ilə çıxış etdim. Bu, çox əhəmiyyətli məsələ idi, çünki vulkanlar dağıdılırdı, zibillənirdi, onların yaxınlığında yaşayış binaları tikilirdi. 2000-ci ilə kimi yazılarımı davam etdirdim.

Vulkanların qorunması bizim hər zaman diqqət mərkəzimizdədir, onların yaxınlığında yaşayan sakinlərlə, jurnalistlərlə püskürmə təhlükəsi, zibillənməyə (xüsusilə Bozdağ-qolu vulkanının) ekoloji baxımından yol verilməməsi və s. ilə bağlı söhbətlərimiz olur.

Vulkan landşaftı gələcək nəsillər üçün qorunub saxlanılmalıdır, vulkanlar təbii abidələrimizdir. 2002-ci ildə Milli Məclisin palçıq vulkanlarını dövlət qanununa əlavə etməsi ilə vulkanlar təbii abidə statusu aldı. 2004-cü ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə “Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası” yaradıldı, lazımi sənədlər hazırlanaraq Nazirlər Kabinetinə göndərildi. 2004-cü ilin oktyabr ayında biz jurnalistlərin iştirakı ilə AMEA-nın Geologiya İnstitutunda vulkanların qorunmasına, qoruqların təşkil olunmasına həsr olunmuş mətbuat konfransı keçirtdik. Eyni zamanda, vulkanların əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev 2007-ci il avqustun 15-də onların mühafizəsi haqqında Sərəncam imzaladı. Belə ki, bu sərəncama əsasən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verildi.

Azərbaycanda möhtəşəm, görkəmli, aktiv fəaliyyətli vulkanların sayə çoxdur və turistlərin böyük bir qismi onlara maraq göstərir. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

- Adil müəllim, gənc tədqiqatçılarımıza palçıq vulkanlarının tədqiqi üzrə peşəkar mütəxəssis kimi yetişmələri üçün tövsiyələriniz nədir?

- Elmi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalıdır. Hazırda mən 2 doktorluq dissertasiyasının elmi məsləhətçisi və 1 doktorantın elmi rəhbəriyəm. Dissertasiya işlərindən biri ilkin müzakirə olunmağa hazırdır.

Gənclərə tövsiyəm odur ki, savadlı, təcrübəli, yüksək səviyyəli mütəxəssis olmaq üçün internetin verdiyi məlumatla kifayətlənməsinlər, çox oxusunlar və daim özlərini inkişaf etdirməyə səy göstərsinlər. Gənc mütəxəssislərə seçdiyi elm sahəsini sevərək səmərəli fəaliyyət göstərməyi məsləhət görürəm.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: