Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2022 15:38
  • A-
  • A
  • A+

“Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilib

“Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilib

Neft və Qaz İnstitutunda “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beş günlük beynəlxalq yay məktəbi keçirilib.

Seminar HOTMUD layihəsinin maliyyə dəstəyi ilə Neft və Qaz İnstitutu, Oslo Universitetində Yerin Təkamülü və Dinamikası Mərkəzi və Lomonosov adına Moskva Dövlət Universiteti arasında bağlanmış üçtərəfli əməkdaşlıq sazişi çərçivəsində təşkil olunub.

Yay məktəbi tədqiqat-maarifləndirici xarakter daşıyır və əsas məqsədi yeni nəsil alimlərin yetişdirilməsidir. Burada 5 ölkədən və 43 iştirakçı: Norveç, Rusiya, İtaliya, Çexiya, Polşadan olan alimlər, təcrübəli mütəxəssislər, doktorantlar və magistrantlar iştirak ediblər.

Azərbaycan tərəfindən Neft və Qaz İnstitutu, SOCAR, Bakı Ali Neft Məktəbi, UFAZ və Respublika Seysmoloji Xidmət Mərkəzi təmsil edib.

Məktəb-seminarın açılışı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında olub. Tədbirdə Neft və Qaz İnstitutunun icraçı direktoru g.-m.e.d., professor Vaqif Qurbanov iştirak edib, daha sonra tədbirin birinci gününə nəzərdə tutulan elmi sessiya başlayıb. Elmi sessiyada Yer kürəsinin müxtəlif regionlarında, o cümlədən Azərbaycanda palçıq vulkanları, onların karbohidrogen yataqları ilə əlaqəsi və Yer kürəsinin geodinamikası, xüsusən seysmiklik, litosfer plitələrinin tektonikası haqqında bir sıra məruzələr dinlənilib.

Məruzələr dinləyicilərin marağına səbəb olub. Oslo Universitetindən Adriano Mazzini palçıq vulkanizmi haqqında ümumi məlumat verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Səbinə Kazımova “Azərbaycanın rəqəmsal seysmik stansiyalarının məlumatlarına əsasən palçıq vulkanının püskürmə parametrlərinin müəyyən edilməsi” mövzusunda təqdimatla çıxış edib. Moskva Dövlət Universitetindən Qriqori Axmanov Avropa qitəsinin kənar zonası palçıq vulkanizmindən, palçıq vulkanı brekçiyasından və stratiqrafik rekonstruksiyadan danışıb. SOCAR-dan Elçin Bağırov Karbohidrogen sistemləri və palçıq vulkanizmi haqqında çıxış edib. Neft və Qaz İnstitutundan Namaz Yusubov Palçıq vulkanları və karbohidrogen sistemlərindən bəhs edən təqdimatla çıxış edib. Tromso Universitetindən Quiliana Panieri Karbohidrogen miqrasiyasının ekstremal mühitlərinin tədqiqi: indiki və keçmiş haqqında məlumat təqdim edib. Geneva Universitetindən Matteo Lupi Yer qabığının yuxarı hissəsində maye miqrasiyasının izlənməsi: geofiziki üsullar və gələcək problemlər haqqında danışıb. Çexiya Elmlər Akademiyasını təmsil edən Petr Broz palçıq vulkanik axınının eksperimental modelləşdirilməsi haqqında təqdimatla çıxış edib. Elmi sessiyanın sonunda Adriano Mazzini qarşıdan gələn ekspedisiyanın proqramı ilə bağlı iştirakçılara məlumat verib.

Məktəb-seminar çərçivəsində dörd günlük çöl ekspedisiyası təşkil olunub.

Ekspedisiyanın ilk günü Cənubi Xəzər hövzəsinin karbohidrogen sisteminin elementləri, eləcə də təbii qazın yer səthinə sızmalarının müşahidəsi əhatə edib. Neft və qaz mənşəli süxurların təbii çıxıntıları ilə tanışlıq olub.

Pirəkəşkül kəndi ərazisində Oliqosen-Miosen dövrünə aid Maykop kəsilişləri, Qırməki vadisində məhsuldar qat süxurları və Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, digər üç gündə Bahar, Daşgil və Lökbatan palçıq vulkanlarına ekspedisiyaların təşkili həyata keçirilib. Ekspedisiya analiz üçün palçıq vulkanlarının püskürmə materialları götürülüb.

Tədbirin son günündə iştirakçılar məktəb-seminarın yekunlarının müzakirəsi ilə əlaqədar toplantı keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: