İyunun 10-da Şəkidə Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbir Şəki şəhər İcra Hakimiyyəti, AMEA Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şəki Filialının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə AMİ-nin Şəki filialının tədris işləri üzrə direktor müavini Gülarə Abdullayeva açaraq Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin həyat və zəngin yaradıcılığından söz açıb.
Sonra çıxış edən institutun Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov ölkə Prezidenti İlham Əliyevin görkəmli şairin 90 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını B.Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirib. Vurğulayıb ki, xalqımız bu söz ustadının xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir.
Daha sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək Azərbaycanda milli mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan xalq şairi Bəxtiyar Bahabzadənin vətəndaş kimi ana dilimizin fəal təbliğatçısı və qoruyucusu olduğunu diqqətə çatdırıb. Bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Y.Şükürlü bu cür tədbirlərin keçirilməsini dahi sənətkarların yaradıcılığına göstərilən diqqət kimi dəyərləndirib, həmçinin Bəxtiyar Vahabzadə əzəmətinə olan hörmətin bariz nümunəsi kimi səciyyələndirib.
Tədbirdə AMİ-nin Şəki filialının baş müəllimi Vaqif Aslanın “Milli-bədii təfəkkürümüzün aparıcı siması – Bəxtiyar Vahabzadə”, həmin institutun Şəki filialının kafedra müdiri, ŞREM-in aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru Firədun İbrahimovun “Bəxtiyar Vahabzadə yaradıcılığının sirləri və qaynaqları”, AMİ-nin Şəki filialının kafedra müdiri, ŞREM-in aparıcı elmi işçisi, dosent Ulduz Mürşüdovanın “Bəxtiyar Vahabzadə yaradıcılığı və folklor”, institutun Şəki filialının baş müəllimi, ŞREM-in aparıcı elmi işçisi Kamil Adışirinovun “Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu”, institutun Şəki filialının baş müəllimi, ŞREM-in elmi işçisi Həbibulla Manaflının “Qarabağ itkisinin Bəxtiyar Vahabzadənin siyasi lirikasında təcəssümü”, AMİ-nin Şəki filialının baş müəllimi, ŞREM-in elmi işçisi Pakizə Zakirovanın “Bəxtiyar Vahabzadə poeziyasında bədii təzad”, ŞREM-in elmi işçisi Reyhan Məcidovanın “Bəxtiyar Vahabzadə yaradıcılığında məhəbbət lirikası” mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir