AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi irsinin tədqiqi yeni mərhələdə” mövzusunda müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin Nizamişünaslığın bir elm sahəsi kimi inkişaf etdirilməsində yeni elmi mərhələnin yaradılması ilə nəticələndiyini qeyd edib. “Nizami Gəncəvi İli”ndə Akademiyanın Humanitar və İctimai Elmlər Bölmələrinin elmi-tədqiqat institutlarının əməkdaşları tərəfindən dünyanın 22 ölkəsində 16 dildə dahi şair və mütəfəkkirə aid 46 monoqrafik kitabın və 100-dən çox məqalənin çap edilməsi, xarici ölkə alimlərinin iştirakı ilə bir sıra beynəlxalq elmi konfransların keçirilməsi mühüm elmi nəticə kimi qiymətləndirilib.
Eyni zamanda, “Nizami Gəncəvi İli”ndə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Nizamişünaslıq şöbəsinin fəaliyyəti də yüksək qiymətləndirilib. AMEA-nın müxbir üzvü Nüşabə Araslının rəhbərliyi ilə çap olunan 960 səhifədən ibarət olan “Nizami Gəncəvi. Həyatı və yaradıcılığı” adlı kollektiv monoqrafiya Nizamişünaslığın yeni mərhələsinin ən mühüm nailiyyəti kimi dəyərləndirilib.
Bütün bunlarla bərabər, qeyd edilib ki, Nizami Gəncəvi həyatı və yaradıcılığının tədqiqi və təbliği işi “Nizami Gəncəvi İli” ilə bitməməli və sonrakı bütün illərdə də aparılmalıdır. Xüsusən, 2031-ci ildə Nizami Gəncəvinin anadan olmasının 890 illik yubileyinədək daha ciddi elmi layihədə davam etdirilməlidir.
Müzakirələr zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi potensialı və Nizamişünaslıq şöbəsinin imkanları nəzərə alınmaqla qarşıdakı illərdə 2 cildlik “Nizami Gəncəvi ensiklopediyası”nın hazırlanması əhəmiyyətli hesab edilib. Qeyd edək ki, bu ensiklopediyanın sözlüyü hazırlanaraq müzakirələrdən keçirilib, müəlliflər heyəti müəyyən edilib, tədqiqat işinə 2022-ci ilin əvvəllərindən etibarən başlanılıb.
Bundan başqa, institutda dünyanın müxtəlif ölkələrində böyük Azərbaycan şairi və mütəfəkkiri haqqında çap edilmiş məqalələrdən ibarət “Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında” adlı kitabın hazırlanıb nəşr edilməsi, “Nizami Gəncəvi və dünya ədəbiyyatı” adlı kollektiv monoqrafiyanın yazılması, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin soykökü və nəsil şəcərəsi” mövzularında tədqiqatların aparılması, “Xəmsə”nin sovet dövründə Azərbaycan dilinə edilmiş filoloji tərcümələrinin yeni redaktədə nəşrə hazırlanması, beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi də məqsədəuyğun hesab edilib.
Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında türk, ingilis, rus, çin, alman, fransız, ərəb, fars, özbək, qazax dillərində yığcam həcmə malik elmi-populyar kitabların hazırlanıb nəşr edilməsi və səfirliklərimiz vasitəsilə yayılması haqqında da müvafiq qərar qəbul edilib, tapşırıqlar verilib.
Müzakirələrdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından professor İmamverdi Həmidov, filologiya elmləri doktorları Fəridə Əzizova, Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, elmi işçi Hürnisə Bəşirova və başqaları çıxış edərək təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.