Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2022-ci ilin “Şuşa İli” elan olunması” və “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında imzaladığı müvafiq sərəncamlar çərçivəsində 9 sentyabr 2022-ci il tarixində ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubiley mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, görkəmli Qarabağşünas, filologiya elmləri doktoru, professor Raqub Kərimov iştirak edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdə öncə Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə, ictimai xadim, rəssam və mesenat Xan qızı Natəvanın əsərlərinin əlyazmaları, çap nüsxələri, rəsmləri, onun irsinin tədqiqinə həsr olunmuş materiallardan ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan X.Natəvanın “Gül dəftəri” iştirakçıların xüsusi marağına səbəb olub.
Sərgi çərçivəsində akademik Teymur Kərimlinin “Şuşanamə” kitabının da təqdimatı baş tutub. Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli kitab haqqında ürək sözlərini bildirib, onu yüksək qiymətləndiriblər.
Daha sonra Xan qızının evinin qarşısında XIX əsrin 2-ci yarısında Şuşada Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamış “Məclisi-üns”ün fəaliyyətinin bərpası məqsədilə ilk təntənəli toplantı keçirilib. Bütün türk dünyasından gənc yazarların qatıldığı bu toplantıda respublikamızın hökumət nümayəndələri və bir çox görkəmli ədəbiyyat xadimləri ilə yanaşı akademik Teymur Kərimli və professor Raqub Kərimov da çıxış ediblər.
Professor Raqub Kərimov öz çıxışında XIX əsr Qarabağ ədəbi-mədəni mühiti və Xurşidbanu Natəvanın ədəbi, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbir bərpa olunan “Məclisi-üns” üzvlərinin Qarabağa - Şuşaya həsr olunan yeni şeirlərinin oxunması ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.