Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.09.2022 10:42
  • A-
  • A
  • A+

“Ruhum qaldı Qarabağda” kitabının təqdimatı olub

“Ruhum qaldı Qarabağda” kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 44 günlük Vətən müharibəsinin şəhidi, peşəkar hərbçi, artilleriya polkovnik-leytenantı Xeyrulla İbrahimovun xatirəsinə həsr olunmuş “Ruhum qaldı Qarabağda” kitabının təqdimatı baş tutub.

Tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları, ictimai və elm xadimləri, mədəniyyət işçiləri iştirak ediblər.

Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Baş direktor çıxışı zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməyin bir kitabxana olaraq qarşıya qoyulan məqsədlərdən biri olduğunu vurğulayaraq bu səpkidə tədbirlərin MEK-də mütəmadi keçirildiyini diqqətə çatdırıb. Professor Məmməd Əliyev ötən il fəaliyyətə başlayan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda hər bir şəhidin xatirəsinin daim hörmət və ehtiramla anıldığını vurğulayıb.

Daha sonra Xeyrulla İbrahimovun həyatını əks etdirən qısa videoçarx təqdim olunub.

Təqdim olunan kitabın müəllifi Tamilla Teymurqızı kitabın ərsəyə gəlməsində köməyi keçən hər kəsə, o cümlədən kitabın təqdimatı üçün yaradılan şəraitə görə MEK-in rəhbərliyinə dərin təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, kitab ölməz qəhrəmanlardan biri, Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət göstərən, I Qarabağ müharibəsində düşmənə qan udduran, Vətən müharibəsində 4-cü Ordu Korpusunun Artilleriya rəisi, Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində Zoğalbulaq kəndi yaxınlığındakı yüksəklikdə şəhidlik zirvəsinə ucalan “Kobra” ləqəbli polkovnik-leytenant Xeyrulla Mais oğlu İbrahimovun xatirəsinə həsr edilib. “Kitabı vərəqlədikcə əmin olacaqsınız ki, 1991-ci ildən bu yana Qarabağ uğrunda, vətənin azadlığı, onun müstəqilliyi və ümidli sabahı naminə canını qurban vermiş bütün şəhidlərimizin ömür hekayəsi bir-birinə çox bənzəyir. Onların hamısını vətən sevgisi, el-oba təəssübü birləşdirir”, - deyə müəllif vurğulayıb.

Tədbirdə, həmçinin kitabın “Ön söz”ünün müəllifi BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, Qafqaz - Media İctimai Birliyinin sədri Hacı Azadə-Taleh, millət vəkili Aqil Abbas, Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova və döyüş yoldaşları çıxış edərək zəfərimizi şəhidlərimizin öz qəhrəmanlıqları ilə təmin etdiklərini və xalqımızın onların unudulmaz xatirəsini əbədi yaşadacağını qeyd ediblər. Bildirilib ki, onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir.

Sonda şəhidin anası Xalidə Zeynalova çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: