Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2015 04:44
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycan xalqının Milli Qurtuluş günü” adlı dəyirmi masa keçirildi

AMEA Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycan xalqının Milli Qurtuluş günü”  adlı dəyirmi masa keçirildi

Bu gün AMEA Fəlsəfə və Hüquq İnstitutunda ümummilli lider, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışının 22-ci illiyi – “Azərbaycan xalqının Milli Qurtuluş günü” münasibətilə dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 22 il əvvəl - xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Sonra institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Bəhram Zahidov çıxış edərək əlamətdar gün münasibətilə dəyirmi masa iştirakçılarını təbrik etdi. B.Zahidov Qurtuluş Gününün mahiyyətindən danışaraq bu günün əhəmiyyətini diqqətə çatdırdı: “22 il öncə, 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyevin bu qayıdışı xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olan 15 iyun tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Bu əlamətdar gün təkcə Azərbaycan vətəndaşlarının iqtisadi-siyasi çıxılmazlıqdan, fəlakətdən qurtuluş günü deyil, müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur”.

Daha sonra çıxış edən fəlsəfə üzrə elmlər doktoru, Əməkdar elm xadimi Rəfiqə Əzimova, hüquq üzrə elmlər doktoru Xaliq Əhmədzadə, ümumi işlər üzrə direktor müavini Qabil Camalov və digər natiqlər də 1993-cü il 15 iyunu tarixi qayıdış kimi qiymətləndirdilər. Tarixi faktlara söykənərək qeyd etdilər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Ulu öndərin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyünü, həmçinin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırda dövlətimizin iqtisadi qüdrətinin durmadan artdığını, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndiyini, xalqımızın sosial rifahının günbəgün yaxşılaşdığını və mötəbər beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

  • Paylaş: