AMEA-nın Tarix İnstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevanın “A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi” adlı kitabı nəşr olunub.
Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Mais Əmrahov, rəyçiləri tarix elmləri doktoru, professor Vaqif Abışov, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevdir.
Tarix İnstitutunun tarixinə həsr olunmuş “A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi” kitabı 3 hissədən ibarətdir. I-1920-1935-ci illəri, II-1935-1991-ci illəri, III kitab isə 1991-2020-ci illəri əhatə edir. I kitabda Azərbaycan tarixşünaslığında tarix elminin inkişafı problemləri, Tarix İnstitutunun təşəkkülü və fəaliyyətinin mərhələləri, onun 1920-1935-ci illərdə respublika ictimai-siyasi həyatında və mədəniyyətində rolunun araşdırıldığı ilk sistemli tədqiqatlardan biridir. Arxiv sənədlərinin geniş dairəsinin biblioqrafik cəhətdən nadir nüsxəyə çevrilmiş müxtəlif nəşrlərin, eləcə də son illərdə nəşr olunmuş ədəbiyyatın məlumatları əsasında Azərbaycan tarixşünaslığında öz əksini tapmamış, yaxud da az işıqlandırılmış bir sıra problemlər ilk dəfə olaraq tədqiqata cəlb edilmiş və yeni səpkidə işlənilib.
Kitab Azərbaycan tarixi və mədəniyyəti ilə məşğul olan mütəxəssislər, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr, Tarix İnstitutunun tarixi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.