Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.09.2022 11:16
  • A-
  • A
  • A+

“Texnologiyanın kommersiyalaşdırılması şəbəkəsi və hökumətin dəstəyi” mövzusunda onlayn mühazirə dinlənilib

“Texnologiyanın kommersiyalaşdırılması şəbəkəsi və hökumətin dəstəyi” mövzusunda onlayn mühazirə dinlənilib

Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə icra etdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

“Bilik laboratoriyası” formatında “Texnologiyanın kommersiyalaşdırılması şəbəkəsi və hökumətin dəstəyi” mövzusunda dinlənilən onlayn mühazirəni Koreya Geologiya və Mineral Ehtiyatlar İnstitutunun baş mühəndisi Seokeuy Honq təqdim edib.

O, məruzəsində Koreyada texnologiyaların transferi və kommersiyalaşdırılma prosesinə yeni baxış, tədqiqat və inkişaf imkanları, Azərbaycan üçün mümkün həll yolları, əqli mülkiyyət keyfiyyətinin təmin edilməsinə dair ətraflı məlumat verib, texnologiya transferi ofislərinin fəaliyyəti barədə danışıb.

Qeyd edək ki, okeanoqraf Seokeuy Honq Hanyang Universitetində kimya üzrə magistr dərəcəsi alıb. O, 1991-ci ildən hökumət tərəfindən maliyyələşdirilən qurumda sənaye texnologiyaları məlumatlarının təhlili üzrə tədqiqatçı kimi çalışıb, 2000-ci ildə “LG” şirkətində patent və innovasiya üzrə məsul şəxs kimi fəaliyyət göstərib. 2009-cu ildən Koreya Geologiya və Mineral Ehtiyatlar İnstitutunda çalışır və texnologiyaların transferi, kommersiyalaşdırılması və startaplara cavabdeh şəxsdir.

Onlayn tədbir müzakirə və sual-cavab formatında davam etdirilib.

Xatırladaq ki, 2022-2024-cü illərdə həyata keçiriləcək “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi texnoparkın əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, eləcə də istismar təcrübəsini artırmağı hədəfləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: