Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2022 15:42
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Mirzə Kazımbəy - 220” adlı beynəlxalq elmi konfrans keçirilib

Şərqşünaslıq İnstitutunda “Mirzə Kazımbəy - 220” adlı beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas və maarifçi Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar “Mirzə Kazımbəy - 220” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransa Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Misirdən 36 alim qatılıb.

Tədbirin açılışı AMEA-nın əsas binasının akt zalında baş tutub. İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva iştirakçıları salamlayaraq bildirib ki, rus şərqşünaslığının banilərindən biri, Sankt-Peterburq Universitetinin Şərq fakültəsinin ilk dekanı, 1853-cü ildən başlayaraq ömrünün sonuna qədər bu çətin və çətin olduğu qədər də şərəfli vəzifəni layiqincə icra etmiş professor Mirzə Kazımbəyin 220 illik yubileyinə həsr olunmuş bu konfransın beynəlxalq səviyyədə keçirilməsi Azərbaycan mədəniyyətinin Avropa mədəniyyətinə inteqrasiyasının iki əsr bundan əvvəl başlamasının təsbiti kimi qiymətləndirilə bilər. Akademik G.Baxşəliyeva Azərbaycan xalqının XIX əsrdə yetirdiyi nadir şəxsiyyətlərdən olan Mirzə Kazımbəyin Azərbaycan elminə dünya şöhrəti qazandırdığını, bir sıra elm sahələrinin inkişafında müstəsna rol oynadığını, zəngin elmi biliklərə, ensiklopedik zəkaya malik olduğunu qeyd edib.

Daha sonra akademik G.Baxşəliyeva “Mirzə Kazımbəy - 220” mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə Mirzə Kazımbəyin geniş elmi və pedaqoji fəaliyyətindən danışan Gövhər Baxşəliyeva, görkəmli alimin bir neçə Şərq və Qərb dillərini mükəmməl bilən incə dil duyumuna malik gözəl dilçi, yüksək poetik istedada malik, bacarıqlı tərcüməçi, tarixçi və nəhayət, mahir bir pedaqoq olduğunu qeyd edib. Məruzədə alimin müasiri olmuş görkəmli şərqşünasların, həmçinin sonrakı dövrlərdə fəaliyyət göstərmiş tanınmış alimlərin Mirzə Kazımbəy elminə verdiyi yüksək qiymətə aid misallar diqqətə çatdırılıb.

Akademik G.Baxşəliyeva ömrünün 45 ilini Azərbaycan, türk, ərəb, fars dillərinin, zəngin Şərq ədəbiyyatı və mədəniyyətinin, Azərbaycan və Qafqaz tarixinin, islamın dini, ideoloji, etik və siyasi əsaslarının, müsəlman hüququnun öyrənilməsinə, Rusiya ilə Şərq xalqları arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına həsr etmiş Mirzə Kazımbəyin həm öz müasirləri, həm də sonrakı nəsillər üçün zəngin elm mənbəyinə çevrilmiş, Yaxın Şərq xalqlarının dilinə, ədəbiyyatına, tarixinə, eləcə də ədəbi tənqidə, hüquqa, mifologiyaya, etnoqrafiyaya, etimologiyaya, fəlsəfəyə, etikaya, pedaqogikaya və humanitar elmlərin başqa sahələrinə dair əsərləri haqqında söhbət açıb.

Sonra Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan Türk dünyasının görkəmli ziyalıları Mirzə Kazımbəy və Şokan Ualixanovun fəaliyyətlərinin müqayisəsinə, Misir parlamentinin üzvü Əmirə Əhməd Camal Əbdülhəkim görkəmli alimin Rusiya ərəbşünaslıq məktəbinin inkişafındakı roluna həsr olunmuş məruzələri ilə çıxış ediblər. Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin “Mirzə Kazımbəy və tatar maarifçiləri” mövzusunda məruzəsinin videoyazısı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan f.ü.f.d., dosent Faiq Ələkbərli “Mirzə Kazımbəyin yaradıcılığında dini-fəlsəfi məsələlər”, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından f.ü.f.d, dosent Xanımzər Kərimova “Mirzə Kazımbəy yaradıcılığında Şərq ədəbiyyatı”, f.ü.f.d., dosent Günay Verdiyeva “Görkəmli alim Mirzə Kazımbəyin iranşünaslığın inkişafında rolu” mövzusunda məruzə ediblər.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda 4 bölmədə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: