Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Vaqif Abbasovun 70 yaşı tamam olur
05.10.2022 10:51
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasovun 70 yaşı tamam olur

Bu gün Azərbaycanın görkəmli kimyaçı alimi, “Şöhrət” ordeni laureatı, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun 70 yaşı tamam olur.

Vaqif Abbasov 5 oktyabr 1952-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1973-1978-ci illərdə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub və uğurlu elmi axtarışlar nəticəsində qısa müddətdə dissertasiya müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru dərəcəsini alıb.  Alimin həyatı artıq 49 ildir ki, bu elm ocağı ilə bağlıdır.

1991-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən V.Abasov 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Onun elmi tədqiqatları təkcə Azərbaycan elmi üçün deyil, dünya elmi üçün də dəyərlidir. V.Abbasov bir neçə elmi istiqamətlərdə tədqiqat işlərinin aparılması ideyasını irəli sürüb və bu ideyaların icrasına rəhbərlik edib. Buna misal olaraq, Azərbaycanın unikal neftlərinin tədqiqi və onların emal texnologiyalarının işlənilməsini, reaktiv yanacaqlarına və karbohidrogen tərkibli yuyucu vasitələrə antistatik aşqarların yaradılması, “Ağ Naftalan yağı”nın alınma texnologiyasının işlənilməsini, eləcə də gübrələrin, bitkilərin boy stimullaşdırıcılarının, bitkilərdə xəstəliklərə qarşı dərman vasitələrinin yaradılması, onların istehsal texnologiyalarının işlənilməsini, neftin qaz çıxarma, neft və qaz emalı sənayesi üçün reagentlərinin yaradılması və s. göstərmək olar.

Akademikin elmi fəaliyyətinin əsas istiqaməti nitrobirləşmələrin metal komplekslərinin, nitron turşularının duzlarının, yüksəkmolekullu aminlərin, imidazolinlərin, amin komplekslərinin alınma üsullarının və proseslərinin elmi əsaslarının işlənib hazırlanması, çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor-bakterisidlərin, parafin və duzçökmə inhibitorlarının, deemulqatorların, konservasiya mayelərinin və sürtkülərinin və s. yaradılması, onların təsir mexanizmlərinin tədqiqidir.

V.Abbasov respublika, beynəlxalq və bir çox xarici ölkələrin elmi qurumlarının üzvüdür. “ASSOKOR” Assosiasiyasının Rəyasət Heyətinin üzvü, V.Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən istifadə Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Bundan başqa, alim Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı, “SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanına layiq görülüb. Eləcə də 1989-cu ildə SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri fərmanı, 1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına medal, 2000-ci ildə AMEA-nın Fəxri fərmanı, 2013-cü ildə Beynəlxalq Sokrat Komitəsinin “Şöhrət” medalı (İngiltərə), 2014-cü ildə isə Atatürk Beynəlxalq Ödülü ilə mükafatlandırılıb. O, dövlət başçısı tərəfindən “Əməkdar müəllim” fəxri adı, “Şöhrət” ordeni, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

Alimin elmi tədqiqatlarının nəticələri 1508-ə yaxın elmi əsərdə, o cümlədən 60 kitab, monoqrafiya, dərslik və dərs vəsaiti, eləcə də 107 publisistik əsər (o cümlədən 18 kitab), 82 patent (Rusiya patenti 4 və Avroasiya 6) və müəlliflik şəhadətnaməsində əksini tapıb. Onun rəhbərliyi ilə 13 elmlər və 41 fəlsəfə doktoru hazırlanıb.

O, 2000-2013-cü illərdə Dövlət İmtahan Mərkəzində Kimya üzrə Ekspert Şurasının və seminarın sədri olub. 1992-2013-ci illərdə məktəblilərin kimya olimpiadalarının respublika turunu keçirən münsiflər heyətinin sədri, 2008-ci ildə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin Təşkilat komitəsinin üzvü seçilib. 2008-ci ildə kimyadan dərsliklər və dərs vəsaitlərinə qrif verən komissiyanın sədri olub. Həmçinin 2010-cu ildə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini kimi fəaliyyət göstərib.

Akademik V.Abbasov ölkəmiz müstəqillik qazandıqdan sonra ilk milli dərsliklərin birinci həmmüəllifi, eləcə də ümumtəhsil məktəbləri, ali məktəblər üçün hazırlanmış bir sıra dərsliklərin, dərs vəsaitlərinin, abituriyentlər üçün vəsaitlərin və test kitablarının (“Kim­yadan olimpiada testləri”, “Kimya test tapşırıqları”, “Üzvi kimyanın əsas terminləri və konsepsiyaları”, “Süni gönlərin kimya və texnologiyası”, “Ümumi kimyanın əsasları”, “Qeyri-üzvi kimya”, “Ekoloji kimyaya giriş”, “Ekoloji kimya”, “Korroziya” və s.) həmmüəllifi olub.

O, elmi fəaliyyətlə yanaşı, şeirə, poeziyaya da böyük maraq göstərir, oxunaqlı poeziya nümunələri ərsəyə gətirir. Alimin “Duyğular dünyası”, “Ömür ağacı”, “Söz düzümlərim”, “Gördüklərim, duyduqlarım, sevdiklərim, sevmədiklərim, nəsihətlərim”, “Mən dünyanı belə gördüm” kitabları bu qəbildəndir.

Bacarıqlı elm təşkilatçısı, görkəmli alim Vaqif Abbasovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: