Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2022 14:23
  • A-
  • A
  • A+

Akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb

Akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb

Oktyabrın 7-də Fizika İnstitutunda görkəmli elm xadimi, molekulyar qaz radiospektroskopiyası üzrə tanınmış alim, akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş “Molekulyar spektroskopiya” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbiri AMEA-nın prezidenti v.i.e., müəssisənin baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, hələ Akademiyanın yaranmasından öncə fəaliyyətə başlayan Fizika İnstitutu tarixən öz ənənələrinə sadiq qalaraq, ötən illər ərzində daim yüksələn xətlə inkişaf edib. Akademik Arif Həşimov qeyd edib ki, bu ənənənin yaradıcılarından biri də məhz akademik Lətif İmanov olub, onun və digər görkəmli alimlərimizin səyləri, elmi fəaliyyəti nəticəsində Azərbaycanda fizika elminin təməl daşları qoyulub, Fizika İnstitutu keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış elmi müəssisələrindən birinə çevrilib.

Akademik Lətif İmanovun bütün həyatını və elmi fəaliyyətini Fizika İnstitutuna həsr etdiyini deyən A.Həşimov həmin dövrlərdə ölkəmizdə azərbaycanlı kadrların yox səviyyəsində olduğunu, rayonlarımızda müəllimlərin, Azərbaycan dilində dərslərin çatışmadığını xatırladıb, görkəmli alimin bu istiqamətdə mühüm səyləri olduğunu bildirib.

Alimin həyatının mühüm məqamlarına toxunan AMEA rəhbəri diqqətə çatdırıb ki, Lətif İmanov 1922-ci ildə Şuşa şəhərində anadan olub, ilk təhsilini orada alıb, 1944-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib, daha sonra Moskvada aspiranturada oxuyub. Vurğulayıb ki, L.İmanov yeni elmi istiqamətin yaradıcılarından olub və Fizika İnstitutunda elmi məktəb yaradıb. L.İmanovun Fizika İnstitutunda yaratdığı ənənələrin davam etdirildiyini deyən akademik Arif Həşimov müəssisədə alimin guşəsinin açıldığını söyləyib.

Həmçinin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar hazırda AMEA-nın Tədbirlər Planının hazırlandığını, ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdə elmimizin, eləcə də Fizika İnstitutunun inkişafı, alimlərimizin qayğı ilə əhatə olunması üçün yaratdığı şəraitin tədqiq edilərək çapının nəzərdə tutulduğunu bildirib.

Bundan əlavə, akademik Arif Həşimov ölkə başçısının çağırışlarından irəli gələrək Qarabağda boya-başa çatmış alimlərimizin fəaliyyətinin yenidən yazılmasının, xalqımıza çatdırılmasının qarşıdakı hədəflərdən olduğunu, bu xüsusda akademik Lətif İmanovun yaradıcılığının yenidən araşdırılacağını deyib. Eyni zamanda qarşıdakı illərdə alimin Şuşada yaşadığı evin önündə xatirə lövhəsinin hazırlanmasının planlaşdırıldığını söyləyib.

Daha sonra konfransda Fizika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, L.İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1966-cı ildə isə professor elmi adını alıb, 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilib. Diqqətə çatdırıb ki, alimin rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yaradılıb, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri öyrənilib, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilib.

Konfransda, həmçinin görkəmli alimin yetirmələri, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Kamil Qurbanov və Eldar Həsənov müəllimlərilə bağlı xatirələrini bölüşüblər.

Sonra Lətif İmanovun ailəsi adından bacısı Kamilə İmanova çıxış edərək alimin 100 illik yubileyinin əlamətdar dövrə təsadüf etdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görkəmli alimin doğulub, boya-başa çatdığı Şuşa şəhərinin düşmən işğalından azad edildiyini, artıq Şuşada geniş quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Alimin yüksək insani keyfiyyətlərindən danışan K.İmanova tədbirin təşkilatçılığına görə Fizika İnstitutunun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Daha sonra konfrans iştirakçıları Fizika İnstitutunun tarixində mühüm rol oynamış görkəmli alimlərin, eləcə də Lətif İmanovun institutdakı guşəsinə baxış keçiriblər.

Tədbir öz işini sessiya iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: