Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2022 17:10
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu “Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edib

Əlyazmalar İnstitutu “Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 11 oktyabr “Beynəlxalq Qızlar  Günü”nə həsr edilmiş “Gənc qızların təhsilinə dəstək kampaniyası - 2022” adlı tədbirin açılış mərasiminə ev sahibliyi edib.

Rəsmi mərasim Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə əməkdaşlığı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov və Hüseyn Cavidin Ev Muzeyinin direktoru, f.e.d. Gülbəniz Babaxanlı Əlyazmalar İnstitutunun Ekspozisiya zalında yaradılmış Hacı Zeynalabdin Tağıyev guşəsi ilə tanış olublar. İnstitutun Beynəlxalq elmi və mədəni əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanlı görkəmli xeyriyyəçi, ictimai xadim H.Z.Tağıyevin ölkəmizdə qızların təhsilinə göstərdiyi diqqət və qayğısından, xüsusilə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin yaradılması və fəaliyyətindəki xidmətlərindən bəhs edib və Qızlar gimnaziyasının tarixindən söz açıb. Guşədə nümayiş olunan yeni eksponatlar qonaqların marağına səbəb olub.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc qızların təhsilinə dəstək kampaniyası – 2022” layihəsinin birgə icrası ilə bağlı Niyyət Protokolu imzalanıb. Protokolun  məqsədi  həssas qruplardan olan gənc qızların təhsilinə əlavə dəstəyin göstərilməsidir.

Tədbirin sonunda 2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş qızların bir qismi sertifikatla təltif olunub, xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: