Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2026 12:04
  • A-
  • A
  • A+

AMEA Qadınlar şurası “Qərbi Azərbaycana Qayıdış” mövzusunda Naxçıvanda keçirilən III konqres-festivalda iştirak edib

AMEA Qadınlar şurası “Qərbi Azərbaycana Qayıdış” mövzusunda Naxçıvanda keçirilən III konqres-festivalda iştirak edib

Naxçıvanda III “Qərbi Azərbaycana Qayıdış” konqres-festivalı keçirilib.

Builki tədbirin festival hissəsi qədim Ordubad şəhərində baş tutub. Bədii hissədə Qərbi Azərbaycanın zəngin folkloru, musiqi ənənələri və milli-mənəvi dəyərlərini əks etdirən konsert proqramı nümayiş olunub. Daha sonra festival-konqres iştirakçıları Ordubadın qədim məhəllələri boyunca qurulmuş pavilyon və stendlərdə əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın təqdim etdiyi doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri, kulinariya irsi ilə tanış olublar.

Qərbi Azərbaycana qayıdış- III konqres-festivalın bölmə iclasları Naxçıvan Dövlət Universitetində keçirilib. Konqres 8 istiqamət üzrə 35 bölmədə davam etdirilib, ölkənin və dünyanın 62 elm və təhsil müəssisəsini təmsil edən tədqiqatçıların 282 məruzəsi dinlənilib.

AMEA müəssisə və təşkilatları geniş heyətlə konqres-festivala qatılıblar. AMEA Qadınlar Şurası da “Qərbi Azərbaycana Qayıdış”  III konqres-festivalın iştirakçısı olub. Şuranın sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar” bölməsində “Qərbi Azərbaycana qayıdış Zəngəzur yolundan keçəcək: siyasi-tarixi-hüquqi yaddaş və ideoloji-beynəlxalq hədəflər”,  AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva eyni bölmədə “Qərbi Azərbaycan- vətənimizdir” mövzusunda çıxış ediblər. AMEA Qadınlar Şurası sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Qərbi Azərbaycanın mədəni sərvətləri” bölməsində “Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində Ani-Şahmaran əfsanəsi və “Dam Üstünə Çul Sərər” türküsünün hermenevtik yozumu”, AMEA Qadınlar Şurasının digər sədr müavini biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə “Qərbi Azərbaycanda Elm və Təhsil” bölməsində “Qərbi Azərbaycanda elmin inkişaf perspektivləri” mövzusunda  məruzə ediblər. AMEA Arxeologiya və Antropologiya İnstitutu Qadınlar təşkilatının sədri, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova “Qərbi Azərbaycanın Dil Faktları və Toponimikaı” bölməsində “Qarakilsə kənd toponimlərinin tarixi irsi və müasir inzibati mənsubiyyəti”, AMEA Lənkəran Elmi Mərkəzinin Qadınlar Təşkilatının sədri Fəranə Mikayılova “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar” bölməsində “Əzəli yurdumuz” mövzusunda çıxış etmişlər.

Qeyd edək ki, Qərbi Azərbaycana Qayıdış konqres-festivalların əsas məqsədi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği, bu istiqamətdə aparılan elmi araşdırmaların təşviqi və qayıdış ideyasının geniş ictimaiyyətə çatdırılmasına dəstək verməkdir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: